"44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın rəşadətli ordusu Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımzı işğaldan azad etdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev Zəfər tariximizdən danışarkən deyib. Deputat bildirib ki, zabit və əsgərlərimiz qanları, canları bahasına torpaqlarımızı işğaldan qurtardı:
"Heç kəsə sirr deyil ki, Xankəndi və ətrafında erməni qanunsuz silahlı birləşmələri yerləşmişdi. Üçtərəfli bəyanata əsasən Ermənistan tərəfi separatçıları sözügedən ərazilərdən çıxarmalı idi. Lakin onlar bu öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq təxribatlar törədirdilər. Həmçinin sülhlə bağlı əldə olunmuş razılaşmalardan sonra biz təxribatların şahidi olurduq. Bu da sülhə gedən yola kölgə salırdı. 2023-cü ildə Laçın keçid məntəqəsinin qurulması və lokal antiterror tədbirlərinin keçirilməsi nəticəsində separatizmin kökü kəsilərək qondarma rejimin fəaliyyəti ləğv olundu".
Parlamentarinin sözlərinə görə, biz ilk dəfədir ki, 8 Noyabrı süverneliyimizin tam bərpası şəraitində qeyd edirirk:
"Yəni 44 günlük savaşdan sonra hansı coşğu var idisə, bu gün də eyni sevinclə zəfərimizin 3 illiyini qeyd edirik. Ümumiyyətlə noyabr bizim üçün çox əlamətdar bir aya çevrilib. Əvvəllər təkcə Bayraq və Konstitusiya gününü qeyd edirdiksə, indi 8 Noyabrla bayram sevinci birə-beş artıb. Xüsusilə , 2023-cü ildə suverenliyimizin tam bərpa olunmasından sonra noyabr Zəfər ayına çevrildi. Dünyanın hər bir guşəsində yaşayan azərbaycanlılar bu günü qeyd edir. Ümumiyyətlə biz çox xoşbəxt xalqıq ki, təqvimdəki işğal günlərini Zəfər günü ilə əvəz edə bildik. Bu dövlətimizin, millətimizin və xalqımızın uğurudur. Artıq Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda region ölkələri və qlobal güclər də bizimlə hesablaşmaq məcburiyyətindədir. Zəfərimiz mübarək olsun".