"Telelayihə çərçivəsində bir il ərzində bir çox restoranlarda monitorinqlər apardıq. Şəhərin mərkəzində yerləşən restoranların bir çoxunun mətbəxində başqa yerdə bişirilib gətirilən yeməklərin qızdırılıb qonaqlara təqdim olunduğunu gördük” .
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov restoranlarda təqdim olunan yeməklərdən danışarkən deyib. Onun sözlərinə görə, mətbəxdə antisanitar şərait yaranır:
“Əlbəttə, mətbəxi və zalı bir- birinə uyğun, yaxşı restoranları da müşahidə etdik. Biz tualetlərə də fikir verdik. Təəssüflər olsun ki, dəhşətli vəziyyətin şahidi olduq. Bu layihə isə kimlər tərəfindənsə, bağlanıldı. Nizami küçəsində yerləşən restoranların birində bir həftəyə zalda monitor qoyulmasına nail olduq. Bununla istehlakçılar mətbəxdə nələr baş verdiyini izləyə bilirdilər. Çağrış etdik ki, digər restoranlar da həmin üsuldan istifadə etsinlər. Bəzi ölkələrdə eyni üsul tətbiq olunub. Azərbaycanda çox az restoranlar var ki, onların mətbəxi açıqdır. "İstirahət" adlanan, az tanınan restoranın mətbəxi açıqdır. Orada hər bir şeyi gözlə görmək mümkündür. Müştərilər mətbəxi açıq restoranlara üstünlük versələr, daha məqsədəuyğun olar. Yayda turizmin və istehlakçıların restoranlardan istifadə vəziyyətini öyrənmək üçün şimal, eləcə də qərb və cənub bölgələrinə səyahət etdim. Şimal bölgəsində vəziyyət dəhşətli idi. Orada camaata it əti versən belə, istehlakçı onu qəbul edərdi.
Adətən, ictimai baxış apararkən qab yuyulan yerləri nəzərdən keçirirəm. Gəncədə təlabatlı olan yerlərin birində restoranın qab yuyulan yerinə baxdıqda qadınların əllərində kirli, yağın, piyin içərisində əskilərlə qab yuduqlarının şahidi olduq. Cənub bölgəsində isə nisbətən vəziyyət daha yaxşı idi. "Xanbulan" istirahət mərkəzində tələblərə normal əməl olunur. Lerikdən axan çayın üzərində yerləşən restoranlar da, bütün tullantılar çaya axıdılırdı. Düşünürəm ki, Lerik İcra hakimiyyəti bu işi nəzərdən keçirməlidir. Gədəbəy zonasında da vəziyyət ürəkaçan deyil. Qəbələdə isə məşhur brend altında olan bir restoran şəbəkəsi var ki, yeməyin baha və qablarda kababın az qoyulması istehlakçıları narazı salan amillərdən biridir. Qusarda "Qayı bulaq" pis vəziyyətdədir. Ondan isə nisbətən daha yaxşısı isə "Qayı göldür".
Ekspert qeyd edib ki, ictimai nəzarət yox səviyyəsindədir:
“Qida Təhlükəsizlik Agentliyi ictimai nəzarətə əhəmiyyət vermir. Qaynar xətt telefon nömrələri yoxdur ki, istehlakçılar müşahidə etdikləri hadisələr barədə məlumat verə bilsin. Bu vəziyyətdə boyat yeməklərin, mənşəyi məlum olmayab heyvan ətlərinin verilməsi istisna olunmur”.