Son günlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 üzvünə ev verməsi ən çox müzakirə olunan mövzulardan biridir. Qurum bununla bağlı siyahı təqdim etməsə də, bir neçə yazar mənzillə təmin olunanların arasında katibələrin, sürücülərin olduğunu və bəzisinin də evə ehtiyacı olmadığını vurğulayıb.
Bundan əvvəl də AYB tərəfindən mənzillərin bölüşdürülməsi zamanı qalmaqallar yaşanıb. Həmin vaxt mənzillərin evi olana verilməsinə dair ittihamlar irəli sürülüb.
"Sherg.az" məsələ ilə bağlı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə əlaqə saxlayıb.
O bildirib ki, "Bu ev məsələsi Azərbaycan Yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar Rzayevin şəxsi nüfuzunun hesabına yaranıb: “Sağolsun, dövlətimiz! Torpaq sahəsi ayırılıb və razılığa əsasən də torpaq sahəsində tikilən evlərin bir qismi torpağın sahibi kimi Yazıçılar Birliyinə verilib. Təxmini 3-4 ildir ki, bu barədə danışıqlar aparılır. Bu 2-3 otaqlı cəmi 21 evdən ibarətdir. Evlərin verilməsi,həm də Yazıçılar Birliyi aparatının əməkdaşları üçün nəzərdə tutulub. Bu məsələyə görə uzun illərdir ki, növbədə olan adamlar var. Sürücü, yaxud digər texniki işçi olmasının fərqi yoxdur. Çünki onlar da necə vaxtdır ki, sırada dayanıblar. Ona görə də Anar bəy bu sıranı da nəzərə alaraq evlərin bir qismini ehtiyyacı olanlara verib. Ev alanların hər biri ehtiyyacı olan və uzun illərdir növbədə olan şəxslərdir. Hər halda kiminsə evi olsa belə ev bağışlanırsa, bunu doğru hesab etmirəm. Bu mənəvi cəhətdən düzgün deyil. Amma siyahıda bir çox adlara, xüsusi ilə də evə ehtiyyacı olan gənclərə görə çox sevindim. Əlbəttə ki,siyahıda adları olmadığına təəssüfləndiyim insanlar da az deyildi. Xüsusi ilə Təranə Vahid, Taleh Mansur, Aləmzər Sadiq qızı, Sevil Gültən. Arzu edirəm ki, imkan yaranan kimi onlarda evlə təmin olunsunlar".