Ukraynanın iri şəhərləri kütləvi raket atəşinə məruz qalıb.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Kiyev, Odessa, Dnepr, Zaporojye, Xarkov, Poltava, Sum və digər vilayətlərdə partlayışlar baş veir.
Kiyevdə dalbadal partlayışların olduğu bildirilir. Sum vilayətinin Konotop şəhərindəki ticarət-əyləncə mərkəzi yanır.
Raket zərbələri hələ də davam edir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, Rusiya tərəfindən Ukraynanın şəhərlərinə, yaşayış məskənlərinə kütləvi şəkildə raketlərdən və dronlarlan hücümlar edilib:
"Burada İrana məxsus "Şahid" dronlarından, o cümlədən ballistik qanadlı və X-22 raketlərindən istifadə olunub. Ukrayna Hərbi Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə keçən gün ərzində 100 "Şahid" dronu, 158 raket Ukrayna ərazilərinə atılıb. Bu raketlərdən cəmi 154-nü Ukrayna Hava Hücumlarından müdafiə sistemləri zərərsizləşdirməyə müvəffəq olub. Hücüm nəticəsində əsasən infrastruktura ciddi ziyan dəyib. Burada söhbət ilk növbədə istilik və enerji infrastrukturundan gedir. Rusiyanın əsas məqsədi qış mövsümündə Ukraynanın enerji təchizatını dağıdaraq insanları çətin vəziyyətdə qoymaq və müharibə əzmini sındırmaqdan ibarətdir. Hazırda Rusiya Ukrayna savaşı bir növ xəndək müharibəsi xarakterini alır. Bu baxımdan Rusiyanın əsas taktikası Ukraynanın dərinliyinə zərbələr endirməklə çətin durumda qoymaqdır. Ötən il qış aylarında da Rusiya eyni addımı atmışdı. Həmin zaman da Ukrayna pis vəziyyətə düşdü".
Ekspert onu da vurğulayıb ki, Ukrayna yardımların sürətlənməsi üçün çağırışlar edir:
" Çünki Ukrayna öz büdcəsi hesabına xalqın rifahını indiki halda təchiz etmək iqtidarında deyil. Həm infrastruktur bərbası, həm də alternativ enerji kanallarını reallaşdırmaq üçün əlavə maliyyəyə ehtiyac var. Qərbin isə əvvəlki dəstəyi artıq yoxdur. Yaxın və Orta Şərqdə baş verən hadisələr, Qərb ölkələrinin sosial-iqtisadi məsələləri və daxildəki müxalif qruplaşmaların narazılıqları fonunda onların yardımlarında müəyyən səngimələr var. ABŞ son 250 milyon dollarlıq hərbi yardım paketini artıq Ukraynaya göndərdi. Bundan sonra yardımların olması, yaxud miqdarı daxildəki demokratlar və respublikaçılar arasındakı razılaşmadan asılıdır. Rusiya tərəfindən verilən məlumatlara görə Donetsk əyalətindəki Marinka şəhəri ələ keçirilib. Bu strateji və mənəvi cəhətdən Rusiyaya üstünlük verən bir hadisədir. Çünki Marinka uğrunda uzun müddətdir mübarizə baş verirdi. Eyni zamanda Donetsk yaxınlığında Avdivka şəhəri yerləşir. Rus qoşunları bir neçə aydır oranı mühasirəyə alıblar. İndi isə hədəfləri Avdivkanı tamamilə ələ keçirməkdən ibarətdir ".