Çox yaxın gələcəkdə Qərb və Ukrayna üçün pis xəbərlərə hazırlaşın.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TŞ-nin iclasında deyib.
“Kiyev rejiminin hərbi planları tam fiaskoya uğradı. Ona görə də Zelenski və onun dəstəsi üçün yeni hərbi və maliyyə yardım paketlərinin Vaşinqtonda və ya Brüsseldə təsdiq edilib-edilməməsindən asılı olmayaraq, çox yaxın gələcəkdə ən pis xəbəri gözləyin”, - Nebenzya bildirib.
Diplomat Rusiya üzərində hərbi qələbəni əlçatmaz adlandırıb.
Nebenzyanın fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, bu müharibə sayəsində Rusiya uzunmüddətli savaşa hazır olduğunu göstərdi:
"Həm öz resursları, həm də 3-cü dünya ölkələrinin dəstəyi ilə müharibədə ayaqda dura bildi. Bəzi siyasətçilər kütlə psixologiyasının xoşuna gəlmək üçün reallığı olmayan açıqlamalar verirdilər. Yəni, bildirirdilər ki, Ukrayna müharibədə qalib gələcək və Rusiyanı zəiflədəcək. Artıq verilən şərhlərə görə isə Rusiya növbəti daha irimiqyaslı hücuma hazırlaşacaq. Rusiyanın burada hədəfləri Odessa şəhərini və Qaradəniz sahillərini tamamilə Ukraynanın nəzarətindən götürmək olacaq. Eyni zamanda Donetsk vilayətinin bir hissəsi ukraynalıların nəzarətindədir. Nebenzya çətin durum deyərkən bunları nəzərdə tuta bilər. Həmçinin, bu psixoloji informasiya müharibəsidir. Rusiyalılar özlərinin əmin olduqlarını göstərmək üçün bu cür yüksək tribunalardan çıxışlar edirlər. Bununla da Ukrayna və onu dəstəkləyən qüvvələri bədbinliyə uğratmağa çalışırlar. Rusiya Ukraynaya dəstəyi daha da zəiflətməklə öz işlərini asanlaşdırırlar".