Stoltenberqdən siqnal: Türkiyə İsveçin üzvlüyünə razılıq verdi?

İsveçin 2024-cü ildə NATO-ya üzv olacağından əminəm.
Bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq prosesin bu il ərzində yekunlaşacağına inamını ifadə edib:
“Rəsmi Stokholm Ankara qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”.

Eyni zamanda bildirilib ki, hazırda ABŞ və Türkiyə arasında F-16 qırıcı təyyarələrinin tədarükünə dair əlavə danışıqlar aparılır.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, İsveçin NATO ya daxil olması üçün ən önəmli məqam Türkiyənin razılıq verməsidir:
 "Lakin Türkiyə ilə paralel Macarıstan da İsveçin NATO-ya daxil olmasına razılıq verməyib. Hər iki ölkə bu gündə eyni fikirdə qalmaqdadır. Amma görünür ki, Türkiyə ilə pərdəarxası bir razılaşma olub". 

S.Hümbətov İsveçin NATO ya daxil olmasının Amerikanın uzunmüddətli planlarının içərsində olduğunu söyləyib:
 "Açıqlamalara əsas ABŞ-nin hansısa formada Türkiyəni razı saldığını, yaxud da İsveçi geri addım atmağa məcbur etdiyini deyə bilərik. Hər halda F16-ların verilməsi gündəmdədir. Türkiyə heç bir zaman qəti şəkildə İsveçi NATO-ya daxil olmağa qoymacağını söyləməyib. Sadəcə olaraq müəyyən şərtləri var və onların yerinə yetirilməsini istəyir. Türkiyənin tələbləri yerinə yetirilmədən İsveçi NATO ya buraxması mümkün deyil. O baxımdan düşünürəm ki, tərəflər arasında bağlı qapılar arxasında müəyyən danışıqlar və razılaşmalar olub. Stoltenberqin açıqlaması ola bilər Türkiyə ilə razılaşdırılıb. Çünki Türkiyənin adından bu qədər rahat danışmağ öz istəyi xaricində imkansızdır".