Türkiyə ABŞ-la F-35 qırıcılarının təhvil verilməsi məsələsi üzrə intensiv danışıqlar aparır.
Bu barədə Türkiyənin müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu CNN Türk telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, F-35 məsələsi Ankara ilə Vaşinqton arasında ikitərəfli gündəlikdə qalır.
“Müdafiə nazirimiz Yaşar Gülər bu yaxınlarda müvafiq mesajlar göndərib və məsələni ikitərəfli formatda müzakirə edib. Əminəm ki, nəticə əldə edəcəyik. Xüsusilə ilk altı təyyarə ilə bağlı intensiv təmaslar aparılır”, – nazir müavini qeyd edib.
Söhbət Türkiyənin artıq ödəniş etdiyi, lakin ABŞ-dakı anqarlarda saxlanılan altı F-35 qırıcısından gedir. Təyyarələrin Ankaraya təhvil verilməsi ABŞ-ın CAATSA qanunu çərçivəsində tətbiq etdiyi sanksiyalar səbəbindən hələlik mümkün deyil.
Kavaklıoğlu bildirib ki, tərəflər mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqları davam etdirir və müəyyən irəliləyiş əldə olunub.
“Həm biz, həm də Amerika tərəfi bu məsələyə çox müsbət yanaşırıq. İnanıram ki, mövcud problemləri qısa müddətdə həll edəcəyik”, – o vurğulayıb.
Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə başlanmasından sonra Ankaranı F-35 proqramından çıxarıb. Vaşinqton S-400 sistemlərinin Türkiyənin F-35 proqramında iştirakı ilə uyğun gəlmədiyini bildirib. Daha sonra Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq olunub.