Roma Papası əməliyyat olundu

Roma Papası XIV Leonun ağciyərindəki düyünün götürülməsi üçün cərrahiyyə əməliyyatı keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi məlumat yayıb.

"Əməliyyat uğurla, nəzərdə tutulmuş vaxtda və gözləntilərə tam uyğun şəkildə başa çatıb. Roma Papası artıq palataya qaytarılıb", - deyə Vatikandan bildirilib.

16:44

Roma Papası XIV Leo ağciyərindəki düyünün çıxarılması məqsədilə cərrahi əməliyyat olunmaq üçün Romada yerləşən Aqostino Cemelli adına xəstəxanaya gəlib.

Oxu.Az-ın "Rai Radio-1" radiostansiyasına istinadən verdiyi məlumata görə, cərrahi müdaxilə az invaziv xarakter daşıyacaq və gün ərzində həyata keçirilə bilər.

Əvvəlcədən xəbər verildiyi kimi, əməliyyatdan sonrakı bərpa dövrü bir həftə çəkəcək. Vatikan oktyabrın 20-dək Papanın cədvəlindəki bütün planlaşdırılmış tədbirlərin ləğv olunduğunu bəyan edib. Bununla yanaşı, noyabrın əvvəlində Latın Amerikası ölkələrinə - Uruqvay, Argentina və Peruya nəzərdə tutulan səfərləri proqramda qalmaqdadır.

Roma Papası əməliyyat olunacaq

XIV Leo ağciyərindəki kiçik bir şişin kəsilərək götürüləcəyini şəxsən özü bildirmişdi. Onun sözlərinə görə, erkən mərhələdə aşkarlanan düyün kiçik həcmli və təcrid olunmuş vəziyyətdədir. 2025-ci ilin mayında seçilmiş 71 yaşlı pontifik xəstəliyi barədə ənənəvi bazar günü xütbəsi zamanı məlumat verib. Vatikan mənbələrinin məlumatına əsasən, sözügedən sərtləşmə müntəzəm tibbi müayinə zamanı tapılıb.

Sentyabr ayında 71 yaşı tamam olan XIV Leo idmanla məşğul olur və yaxşı fiziki formadadır. Xəstəxananın girişində pontifiki gözləyən, aralarında çox sayda jurnalistin də olduğu yüzlərlə insan toplaşıb.