Almaniya xarici işlər naziri Annalena Berbok Qəzza zolağının işğal olunmamasının vacibliyini vurğulayıb.
Nazir Berbok bu barədə Lüksemburqdan olan həmkarı Xavier Bettel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Qəzza zolağının işğalı, qovulma və ərazinin ölçüsündə azalma olmamalıdır. Eyni zamanda, Qəzza zolağından İsrail üçün artıq heç bir təhlükə olmamalıdır. Almaniya israillilər və fələstinlilər üçün iki dövlətli həll hədəfinə sadiq qalır. İsraillilər və fələstinlilər yalnız birinin təhlükəsizliyi digərinin təhlükəsizliyi demək olduqda o zaman sülh içində yan-yana yaşaya biləcəklər", - deyə Annalena Berbok qeyd edib.
O, İsrailin özünümüdafiə hüququnun şübhə altına alınmamalı olduğunu vurğulayıb.
Xanım Berbok regionda münaqişənin genişlənməsi riskinə qarşı da xəbərdarlıq edib.
Lüksemburqun xarici işlər naziri Xavier Bettel isə İsrail ordusunun hərəkətlərini tənqid edib: "Ölənlərin 70 faizindən çoxu uşaqlar və qadınlardır. Və onların müharibə ilə heç bir əlaqəsi yoxdur. Onlar döyüşçü deyillər", Bettel bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, İsrail HƏMAS müharibəsi təhlükəli dərəcədə çərçivədən kənara çıxıb:
"Ona görə də dünyanın aparıcı dövlətləri bu məsələnin tezliklə sülh ilə başa çatmasının tərəfdarıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, HƏMAS çox radikal addımlar atmağa davam edir. İsrail isə buna qarşılıq olaraq onu ləğv etmək yolunu tutub. Məhz Qəzza zolağının bütövlükdə nəzarət altında saxlanılması və lazım olduğu təqdirdə əhalinin oradan çıxarılması bununla bağlıdır. Yəni, İsrail məcburiyyət qarşısında Qəzzaya doğru hərəkatı bu şiddətlə davam etdirməyə məcburdur. HƏMAS bir terror təşkilatıdır. Heç bir dövlət, o cümlədən İsrail terror təşkilatı ilə hansısa mövzunu masa arxasında müzakirə edəcək deyil. Buna görə də bu əməliyyat davam edir. HƏMAS öz xislətindən əl çəkməli və müharibəni dayandırmalıdır. Belə olan şəraitdə İsrail də ona silahla qarşılıq verməyəcək. Nəticə etibarilə dinc əhalidə də zərər görməyəcək. Ümumiyyətlə isə arzu edərdik ki, bütün terror təşkilatları ləğv edilsin. Eyni zamanda istənilən bir məsələdə mübarizə aparan tərəflər terrordan imtina etsinlər. Terror heç kimə, o cümlədən də Fələstin xalqına xoşbəxtlik gətirmir".