Ukrayna yardımların kəsilməsi səbəbindən ərazilərini itirə bilər.
Bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.
“Bu il Kiyev daha çox təzyiq altında olacaq, ehtimal ki, hücuma keçə bilməyəcək və daha çox müdafiə mövqeyi tutacaq. Ola bilsin ki, Ukrayna Qərb dövlətlərinin yardımının azalması səbəbindən 2024-cü ildə ərazilərini itirsin”, - məqalədə bildirilib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Rusiya Ukrayna müharibəsində Qərb öz dəstəyini getdikcə azaldır:
"Bu isə Rusiyanın daha da güclənməsinə və ilhamlanmasına gətirib çıxardır. Artıq döyüş əməliyyatları teatrında da bir sıra irəliləyişlərin şahidi oluruq. Əgər Qərb bu gün Ukraynaya iqtisadi və hərbi yardımlarını dayandırsa, şübhəsiz ki, yaxın gələcəkdə müharibə Rusiyanın qələbəsi ilə nəticələnəcək. Lakin əsas məsələ bundan ibarətdir ki, Qərbin xüsusilə də Amerikanın diqqəti Yaxın Şərqə yönəlib. İsrail tezliklə hərbi məqsədlərinə nail olsa, Qəzza bölgəsində HƏMAS-ı məğlub etsə, yenidən Qərb diqqətini Ukrayna cəbhəsinə yönəldə bilər. Amma hər iki müharibə çox uzanacaq. Savaşlar davam etdikcə isə Ukraynaya diqqət daha da səngiyir. Bu isə Ukrayna dövlətinin maraqlarına böyük zərbə vurur. Eyni zamanda Amerika dövlətində də 2024-ci il bir sıra məqamlarına görə diqqət çəkir. İlin sonunda Prezident seçkiləri keçiriləcək. Hazırkı hakimiyyətdə olan Co Bayden Ukraynaya ediləcək hərbi yardımla bağlı xalqa izahatlar verməlidir. Müharibənin müddətinin uzadılması Bayden administrasiyasına da sərf edir. Buna görə də ən azından bu ilin sonuna qədər savaşın davam etməsi gözlənilir. Amerika və Qərb strateqləri nəzərə almalıdır ki, Ukrayna meydanında Rusiyanın qələbəsi Şimal qonşumuzun geosiyasi prioritetlərini bir qədər də dəyişdirəcək və təsir gücünü artıracaq. Həmçinin Ukraynanın gələcək müqəddəratı sual altına düşə bilər".