Son vaxtlar Fransa və ABŞ-la yanaşı, Almaniyanın da anti-Azərbaycan mövqeyinin şahidi oluruq. Bu kimi yanaşmaların qarşısının alınması istiqamətində müxtəlif adekvat cavabların verilməsi təklif edilir. Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Almaniyadan Azərbaycana maşın idxalının dayandırılması, xüsusilə “Mercedes”, BMW markalı avtomobillərin satışının qadağan edilməsi ilə bağlı müzakirələrə qoşulub.
Bu barədə "Sherg.az"a danışan E.Muradlı qeyd edib ki, heç bir dövrdə boykot effekt verməyib:
"Bizim üçün müqəddəs olan vətən müharibəsində "Mcdonalds"-ın və digər transmilli şirkətlərin etdiyi davranışlar göz qabağındadır. Cəmiyyət olaraq vətəndaşlara çağırış olundu ki, "McDonalds"-a getməyin. Ancaq həmin məkanda əksinə olaraq növbə əlindən tərpənmək olmurdu. Hətta onlayn çatdırılmada birinci yerdə idilər. Bu konteksdə adıçəkilən avtomobillərin satışını kim qadağan edə bilər? Məsələn, Rusiya Avropa ilə düşmənçilik etsə də, Putinin maşın karvanında ancaq "Mercedes", "BMW" markalı avropa avtomobillərindən istifadə olunur. Mənim fikrimcə, bu yanaşma düzgün deyil və müsbət nəticə verməyəcək. Dövlətlər arasında münasibətlərin tənzimlənməsi siyasi bir məsələdir. Ümid edirəm ki, zamanla problem öz həll yolunu tapacaq".