ABŞ-nin "qarın ağrısı"...

Onlar istəyirdilər ki, hərbi kontingent Qarabağda qalsın və erməniləri yenidən torpaqlarımıza qaytarsınlar
 
 
 Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasına beynəlxalq reaksiyalar da diqqət çəkdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Vedant Patelin açıqlaması isə təəssüf doğurdu. Maraqlıdır ki, əksər çağırışlarda Rusiya qoşunlarının müxtəlif bölgələrdən çıxarılmasını tələb edən ABŞ rus qoşunlarının Azərbaycanı, Qarabağı təkr etməsinə mənfi yanaşdı. Vedant Patel bunun Rusiyanın "etibarsız müttəfiq" olduğunun göstəricisi kimi təqdim etdi. Onun sözlərinə görə, Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görülməyib: "Payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir". Şübhəsiz, ABŞ-nin sülhməramlıların çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi Vaşinqtonun rikayarlığının növbəti göstəricisidir. ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağırıb. Hətta 2022-ci ilin yanvarında ODKB qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayıb. O baxımdan normal şəraitdə ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. Xatırladaq ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü baş tutmuşdu. Bu gizli görüş Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas idi. Məhz həmin təmas ABŞ və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərdi.

 Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ dövləti şeytan yuvasıdır. Deputatın sözlərinə görə, dünyanın bütün nöqtələrində baş verən çevrilişlərin, müxtəlif terror hadisələrinin, ölkələrin qarşıdurmalarının və daxildəki insidentlərin, xoşagəlməz proseslərin başında ABŞ və Fransadır:
 "Düzdür, şimal qonşumuz Rusiya da geri qalmayıb. Ancaq son günlər Qərb ölkələri daha çox canfəşanlıq edirlər. Rusiyanın müəyyən sayda hərbi kontingenti 2020-ci ilin 10 noyabr üçtərəfli sazişinə əsasən Azərbaycanda, Qarabağda yerləşdirilmişdi. Gələn ilin sonunda rus sülhməramlılarının missiyasının müddəti başa çatırdı. Lakin müharibədən sonrakı hadisələr elə yöndə inkişaf etdi ki, zamanla Rusiya hərbçilərinə ehtiyac qalmadı. Rus qoşunları ona görə gəlmişdilər ki, Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyini təmin etsinlər. Yəni bu adla torpaqlarımıza yerləşmişdilər. Qarabağdakı ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Öz istəkləri ilə, heç bir təzyiqə məruz qalmadan rədd olub getdilər. Bununla da sülhməramlı adı altında fəaliyyət göstərən rus hərbçilərinin də missiyası başa çatdı, əhəmiyyətini itirdi. Prezidentin köməkçisi H.Hacıyevin də açıqlamasından aydın oldu ki, iki ölkənin rəhbəri qarşılıqlı razılıq əsasında hərbi kontingentin çıxarılmasına qərar veriblər. Burada heç bir qəribəlik, amerikalıların iddia etdiyi kimi "etibarsızlıq" yoxdur".
 
Parlamentari qeyd edib ki, əgər ABŞ həqiqətən sülhpərvər, ədalətli mövqedən çıxış etsəydi, rus qoşunlarının Azərbaycandan çıxmasını alqışlamalı idi: 
"Amma ABŞ rəsmisinin bəyanatı göstərdi ki, Ağ Evin niyyəti, məqsədi başqadır. Onlar istəyirdilər ki, hərbi kontingent Qarabağda qalsın və erməniləri yenidən torpaqlarımıza qaytarsınlar. Çünki gözəl bilirlər ki, rus hərbçilərinin torpaqlarımızı tərk etməsi ilə ermənilərin gedişi də əbədiləşəcək. ABŞ-nin "qarın ağrısı" budur. Yaxşı məsəlimiz var. Atını suvaran adam durmadan fışdırıq çalırmış. Kənardan bunu görən bir nəfər deyib ki, "at suyu görür, su da atı. Sən niyə fışdırıq çalırsan?". Azərbaycan və Ermənistan sülh danışıqlarını vasitəçisiz ikitərəfli qaydada aparırlar, müəyyən razılıqlar da olub. Niyə kənar güclər bölgəyə soxulmağa can atır? Fransanın üz qarası E.Makron Ermənistanı silahlandırır, müharibəyə təhrik edir. Avropa ölkələri "missiya" adı altında Ermənistana doluşurlar. Cənab Prezidentimiz demişkən, niyə burunlarını bizim işlərimizə soxurlar, gedib öz işləri ilə məşğul olmurlar?".