Sızan sənədlər: ABŞ-nin pərdəarxası hərbi dəstəyi üzə çıxdı

ABŞ Dövlət Departamenti Ermənistana hərbi dəstəklə bağlı yayılmış gizli sənədi “dezinformasiya” adlandırısa da, bu ciddi sənəddir. Çünki sənəddə əks olunan məqamlar ABŞ-la Ermənistan arasında açıq şəkildə müzakirə olunub. Həmçinin Ermənistan nümayəndə heyəti ABŞ-da səfərdə olarkən Pentaqonda da, digər görüşlərdə də bu məsələ konkret müzakirə obyektinə çevrilmişdi.  Eyni zamanda 5 aprel görüşünə qədər sözügedən müzakirələr davam edib, lakin sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə bu komponenti ört-basdır olunub. İndi isə ABŞ bunu “dezinformasiya” adlandraraq gündəlikdən çıxarmaq istəyir. Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə məsələ gizlədilsə də, ortada real gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb. 

Mövzu ilə bağlı "Sherg.az"a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ABŞ Ermənistana qarşı öhdəlik götürdüyü üçün bu yola əl atıb:

"ABŞ Rusiya və Azərbaycanın reaksiyaları səbəbindən Ermənistana hərbi dəstəyi gizli şəkildə göstərmək istəyir. Biz bu səbəbdən üçtərəfli görüşə dərhal öz etirazımızı bildirdik. Ermənistanla bağlı bu məsələ Azərbaycan və ABŞ arasındakı münasibətlərə böyük zərbə vurur. Biz bunu rəsmi münasibətlərdə də görə bilirik. Əlbəttə ki, sözügedən hal iki ölkəyədə yaxşı təsir göstərməyəcək. ABŞ-nin Ermənistana görə Azərbaycanla münasibətləri pozması ciddi problemdir. Düşünürəm ki, Ağ ev məsələyə aydınlıq gətirməlidir. Azərbaycanın məsələ ilə bağlı hansı addımları atacağına gəldikdə isə rəsmi Bakı əleyhinə yönəlmiş sənədlərlə, faktlarla cavab verəcək. Azərbaycan dərhal ABŞ-yə müxtəlif diplomatik səviyyələrdə cavablar verməyə hazırdır. Mənə elə gəlir ki, məsələ yalnız bununla bitməyəcək".

Yusif Məmmədxanlı