Natiq Cəfərli: ““Hanı Xankəndi-Xocavənd-Xocalı”, vay-şüvəninə qoşuldu, yenə ağzı yandı, amma üzr istəmədi”
“Guya Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərinə kölgə salmağa çalışdı – adam bilmirmi ki, Türkiyə ordusu çoxdan burdadır”
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı vaxtından əvvəl tərk edir.
Ölkə ictimaiyyəti bu hadisəni 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın növbəti uğuru kimi dəyərləndirir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi bölgəsində müvəqqəti olaraq yerləşdirilsə də, onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi.
Lakin bu ehtimal ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməmizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər. Halbuki Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılıb, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırıb. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyinə əmin olan siyasilər də az deyildi.
Zamanı gələndə Azərbaycanın rus sülhməramlılarını Qarabağdan geri göndərəcəyini dəfələrlə vurğulayan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Sherg.az”a açıqlamasında deyib ki, artıq Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi üçün siyasi və hüquqi əsas yaranmışdı. Sülhməramlıların bölgədə mandatına uyğun fəaliyyət göstərməsi mümkünsüz idi:
“Bilirsiniz ki, sülhməramlılar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Qarabağa daxil olublar. Bu sənədə görə, sülhməramlılar ən azı 2025-ci ilin noyabrına qədər bölgədə qalmalı idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından və bu bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsindən sonra sülhməramlıların bölgədə görəcəyi bir iş qalmadı. Sülhməramlıların digər funksiyası Laçın yolunun rahat işləməsini təmin etmək idi. Erməni əhalisi könüllü olaraq Qarabağdan köçdükdən sonra bu vəzifə də təbii olaraq aradan qalxdı. Bir sözlə, uzun müddətdir “havadan asılı qalan” sülhməramlıların getməsi lazım idi. Şübhəsiz ki, bu proses də özbaşına baş vermədi. Xatırlayırsınızsa, bir neçə ay bundan öncə Rusiya israrla Qarabağ ermənilərini Xankəndiyə qaytarmaq istədiklərini və bu istiqamətdə müəyyən tədbirlər keçirdiklərini açıqlamışdılar. Görünən də odur ki, bu istiqamətdəki cəhdləri uğursuz olub. Sülhməramlıların Qarabağda qalmasının məntiqsiz olması artıq sirr deyildi. Çox güman ki, sülhməramlıların Qarabağdan getməsində Türkiyənin də ciddi rolu olub. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəl Rusiya sülhməramlılarının mütləq Qarabağdan çıxacağı ilə bağlı açıqlama vermişdi. Hətta onun bu açıqlaması Rusiya tərəfindən etiraza da səbəb olmuşdu.
Əgər Rusiya sülhməramlılarını Azərbaycandan çıxartmasaydı, Türkiyə birtərəfli addım ataraq Rusiya-Türkiyə monitorinq mərkəzindən çıxmaq barədə qərar verəcəkdi. Bu zaman da Rusiya pis vəziyyətdə qala bilərdi. Bu mənada Rusiya sülhməramlılarının Qarabağı tərk etməsində art niyyət, pərdəarxası məqam axtarmağa ehtiyac yoxdur. Təsəvvür edin ki, bu bir siyasi şahmat oyunu idi və Azərbaycanla Türkiyə bu oyunda çox gözəl gediş edərək Rusiyanı “mat” olmasa da, “pat” vəziyyətinə saldı. Çıxılmaz vəziyyətdə qalan Rusiya da Qarabağdakı sülhməramlıları bölgədən çıxartmağa məcbur oldu”.
Natiq Cəfərli onu da deyib ki, 44 günlük Vətən savaşından sonra bəlli bir marginal qrup var idi, aylarla hamımızın ürəyimizi bulandırdılar, “hanı Xankəndi, Xocalı, Xocavənd”, bağıraraq, guya, siyasi mübarizə aparmağa çalışdılar. 2023-cü ildə Azərbaycan ordusu 24 saata bu məsələni, özü də Rusiya “silhməramlılarını” tapdalayaraq, vurub-keçərək həll etdi, həmin marginal qrup, utanmadı, çıxıb, heç olmasa üzr belə istəmədi:
“Sonra eyni qrupun nümayəndələri məntiqə, ağla, hətta real informasiyaya zidd olaraq iddia etməyə başladılar ki, bizə bütün qələbələri Rusiya “bağışladı”, ruslar heç vaxt Qarabağdan çıxmayacaqlar, hətta orda böyük hərbi baza yaradacaqlar və s. – bu tipli mənasız “tezislərlə” ortalığa atıldılar. Öz kiçicik beyinciklərində düşünürdülər ki, Azərbaycanı “ruspərəst” göstərsələr, Qərb buna görə onlara dəstək, hakimiyyətə köstək olacaq – bu qədər savadsız və mənasız yanaşma ilə ürək bulandırırdılar. Biz hər dəfə fakt və məntiqi analizə, “Azərbaycanın yeganə müttəfiqi qardaş ölkə, NATO üzvü olan Türkiyədir, ölkənin hərbi-təhlükəsizlik, xarici siyasət məsələləri tam koordinasiya olunur, rəsmi Bakı Kremlin bütün maneələrinə rəğmən Xankəndi və ətrafını nəzarətə götürüb ərazi bütövlüyümüzü bərpa etdi, suverenliyimiz bərqərar oldu”, deyəndə, bizə qarşı qara PR aparırdılar.
Konkret olaraq Sevinc Osmanqızına gəldikdə isə onun kimi çox qəribə ikinci adam çətin tapılar – illərdir bizə, REAL-a qarşı mübarizə apardı, biz əhalini seçkiyə çağırdıqca, o, boykotçuların ruporu oldu, sonra səhv etdiyini anlayıb boykotçuların üzərinə getdi, seçkilərin vacibliyindən danışdı, amma bircə dəfə də bizə qarşı qarayaxma kampaniyasına görə sifarişlə üzərimizə gəldiyinə görə üzr istəmədi.
Sonra sentyabr 2023-cü ilə qədər həmin o boykotçularla səs-səsə verib, “Rusiya bizi işğal etdi, Qarabağı bizə rus verdi, Azərbaycan Rusiyanın forpostu oldu”, kimi absurd iddialarla çıxış etməyə, “hanı Xənkəndi-Xocavənd-Xocalı”, vay-şüvəninə qoşuldu, yenə ağzı yandı, amma üzr istəmədi. Sonra isə həmin dəstə ilə birgə, “rus buradan heç vaxt çıxmayacaq”, deyərək dizinə döyməyə başladı – dünən canlı yayım açıb üzr istəməkdən, səhv etdiyini etiraf etməkdənsə, müstəsna hayasızlıqla Türkiyə-Rusiya monitorinq qrupunun da işini dayandırmasını neqativ bir hadisə kimi təqdim etməyə çalışdı. Guya, Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərinə kölgə salmağa çalışdı – adam bilmirmi ki, Türkiyə ordusu çoxdan burdadır, guya eşitməyibmi ki, Türkiyə ilə birgə hərbi təlim-tədris mərkəzləri yaradılıb?! Bilir, yaxşı bilir, amma ən yaxşı bildiyi həyasızlığı edir”.