2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Əməkdar Jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, delimitasiya proseslərinin ekspert qrupları tərəfindən praktiki olaraq davamlı həyata keçirilməsi prosesin irəliyə doğru aparılmasında ümidlər yaradır:
"Təbii ki, sərhədlərin razılaşdırılması hər iki ölkənin maraqlarına xidmət edir. Lakin biz bilməliyik ki, delimitasiya prosesləri qısa müddətli məsələ deyil. Düşünürəm ki, sərhədlərin müəyyən edilməsi daha bir neçə il çəkə bilər. Lakin sərhədlərin müəyyən edilməsi məsələnin sonu deyil. Delimitasiya proseslərindən sonra demarkasiya prosesləri başlayır və bu da uzun vaxt aparacaq. Amma bütün hallarda prosesin davam etməsi əhəmiyyətlidir. Qənaətimə görə bu gedişat hər iki ölkənin maraqlarına uyğun olmaqla yanaşı, bütövlükdə Cənubi Qafqaz üçün də əhəmiyyətlidir. Çünki bu proseslər Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına zəmin yaradacaq".
Yusif Məmmədxanlı