Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əli Zülfüqaroğlu deyib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi yalnız regional formatda həll olunmalıdır:
“Qərb, xüsusilə də Fransa Azərbaycan-Ermənistan arasındakı sülh proseslərinə mane olmağa çalışır. Rəsmi Parisin Ermənistanı silahlandırması onun iki ölkə arasındakı normallaşma proseslərinə mane olmağa çalışmasının birbaşa sübutudur. Rəsmi Bakı üçüncü qüvvələrin, xüsusilə Qərb dövlətlərinin prosesi mürəkkəbləşdirməsinin qarşını almaq üçün danışıqların bölgə və tərəfsizliyini qoruyan ölkələrdə, həmçinin Qazaxıstanda aparmağa müsbət baxır. Hesab edirəm ki, Qazaxıstanda görüş baş tutarsa burada sülh anklav kəndlərin qaytarılması, Azərbaycanın digər ərazilərindən Naxçıvana maneəsiz gediş gəlişin təmin edilməsi və digər məsələlər müzakirə olunacaq. Ermənistan başda Fransa olmaqla kənar qüvvələrin prosesi mürəkkəbləşdirmə əməllərinə uyarsa, bu onun üçün fəlakətlə nəticələnəcək. Bunun baş verməməməsi üçün isə Ermənistanın Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn şərtlərinə əməl etməsi lazımdır”.
Yusif Məmmədxanlı