Ermənistan özü Xocalıda törətdiyi vəhşiliyi etiraf etməlidir, özü bizdən üzr istəməlidir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.
"Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev daha sonra bildirib:
"Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".
Bu ilki müstəqillik gününün ən uğurlu, əvəzedilməz bayramlardan biri olduğunu deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda Məmməd Əmin Rəsulzadənin qurduğu dövlətin tam, müstəqil vətandaşlarıyıq:
"Buna da Ali Baş Komandanın siyasəti, igid oğulların qanı bahasına nail olduq. Ən təsirləndiyim məqamlardan biri isə hər rayonumuz işğaldan azad olunanda ölkə rəhbərinin təhlükələrə baxmayaq, həmin ərazidə şanlı bayrağı dalğalandırması idi. Prezident Xocalıya səfəri ilə sübut etdi ki, müstəqilliyi bütün cinayyətkarlığa məruz qalmış həmin şəhərin sakinləri ilə qeyd edir. Azərbaycan artıq öz siyasi sözünü deyən dövlətə çevrilib. Bunu hər kəs dərk etməlidir. Ölkədəki haqsızlıqlar və nöqsanların səbəbkarı isə məmurlardır. Ona görə də onları tənqid etmək lazımdır. Vətəni sevmək və qulluq etmək fərqli anlayışlardır. Nəyisə tənqid etmək olar. Ancaq kənara çıxmadan bunu etməliyik. Bu 30 ildə heç bir dövlət bizə kömək etmədi. Azərbaycan tək başına, layiqincə işin öhdəsindən gəldi. Əsarətdən azad edilən ərazilərdə yollar salınıb, yaşıllıqlar qurulub, gözəl evlər tikilib. Bir sözlə, sakinlərin rahatlığı üçün hər bir şərait yaradılıb. Azərbaycan xalqı olaraq bundan sonra, müstəqilliyimizi yalnız özümüz qorumalıyıq. Prezident Xocalıya səfəri ilə ermənilərə, bütün dünyaya isbat etdi ki, Xocalını darmadağın etmənizə baxmayaraq, hazırda müstəqil dövlətin ərazisi olaraq hələ də mövcuddur. Təəssüf ki, heç bir dövlət Ermənistana qarşı Xocalı soyqırımını törətdiyinə görə, qətnamə qəbul etmədi".