Azərbaycanın eksklavı olan kəndlərin–Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması gündəmdədir.
Bu barədə erməni ekspertlər “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində iş getdiyi haqda hər iki tərəfdən eyniməzmunlu informasiyanın rəsmən yayılmasından sonra iddia səsləndiriblər.
Bildirilib ki, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq.
“Hraparak” yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir.
Ekspert Tiran Xaçatryan isə iddia edib ki, məsələ yalnız anklavların qaytarılması deyil, Azərbaycan dəhliz də tələb edir və hazırda əsas müzakirə budur.
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, sözügedən kəndlərin qaytarılması mütləqdir:
“Çünki həmin ərazilər Azərbaycanın halal torpaqlarıdır. Ona görə də ermənilərin qarşısında “gözü kölgəli” halımız yoxdur. Ermənistanda Paşinyan hakimiyyəti mürəkkəb vəziyyətdə fəailiyyətini davam etdirir. Paşinyana qarşı durmadan təzyiqlər artır. Həm xaricdən təzyiqlər və həm də ölkə daxilində olan barışmaz müxalifətin nümayəndələri keşiş Baqrat Qalstanyanı ortaya atıblar. Baqratın hərəkatı səngisə də, silahı yerə qoymayıb. Ona görə də hakimiyyət ehtiyatlı olmağa səy göstərir və qıcıq doğurmamağa çalışır. Çünki istənilən halda Paşinyana tərəf yönələn iddihamlar Azərbaycana bağışlanmaz güzəştlər etməsindən ibarətdir. Əslində isə sözügedən mövzular Ermənistanın Azərbaycana borclarının ödənilməsi məsələsidir. Yəni heç kəs Azərbaycana minnət edə bilməz. Amma Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələr bunu belə tərzdə insanlara təqdim edirlər”.
Ekspert qeyd edib ki, prinsip etibarilə Azərbaycanın mövqeyi tam bəllidir:
“Azərbaycan Baş nazirlərin müavinləri səviyyəsində format var və fəailiyyətlərmizi davam etdirməyə razıyıq. Ermənistanda həmin formatlar ətrafında bəzi şübhələr yaranır. Ermənistan tərəfinin manevr imkanları tükənib. İrəvan başa düşür ki, uğur formulunu yalnız bölgə çərçivəsində tapa bilər. Azərbaycanın Ermənistana verdiyi təkliflər praqmatik, rasionaldır. Əgər Ermənistan köməyi Avropadan, Fransadan gözləyirsə, onlar özlərini doğrultmayacaq. Sadəcə, onlar, Ermənistana gəlişi gözəl sözlərlə fitvalar verirlər. Paşinyan dözümlülük göstərməli və öz planları üzrə işlərinə davam etməlidir. Çox güman ki, Ermənistan rəhbərliyi İlham Əliyevin xəttini davam etdirmək lazım olduğunu anlayır”.