Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz sərhədlərindən kənarda terror dövlətinin qurulmasına əsla icazə verməyəcəyini bildirib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Görüşdə Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya müharibəsi, İsrailin Fələstin ərazisinə hücumları, Suriyadakı gərginlik və terrorla mübarizə məsələləri müzakirə edilib.
Türkiyənin öz bölgəsində və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəl atəşkəs, sonra isə sülh yolu ilə həll edilməsi üçün zəmin yarada biləcəyini, hər iki tərəfi də məmnun edə biləcək ədalətli sülhün mümkün olduğunu ifadə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya-Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşündə Ukrayna mövzusu müzakirə edilib.
Peskov Birinci Kanala müsahibəsində Ərdoğanın Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, Türkiyə lideri danışıqlarda vasitəçi ola bilməz: "Xeyr, bu mümkün deyil".
Xanım politoloq Aytən Qurbanova “Sherg.az”a bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında danışıqlar prosesində vasitəçi olması məsələsi müharibənin başladığı ilk zamanlardan, yəni 24 fevral 2022-ci il tarixindən bugünədək dəfələrlə müzakirə edilib:
“Hətta bəzi məqamlarda hər iki tərəf bu təklifə müsbət münasibət bildirsə də, təəssüflər olsun ki, bunu reallaşdırmaq mümkün olmayıb. İndiki şəraitdə isə cənab Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçi olmasının mümkünlüyü ehtimallar üzərindən dəyərləndirildiyi zaman bir qədər çətin reallaşa bilər. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Türkiyənin bir çox bölgələrdə Rusiya ilə geniş əməkdaşlıq imkanlarına və iki dövlət başçısı arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, Türkiyə NATO-nun tamhüquqlu üzvü olaraq Rusiya tərəfindən neytral dövlət olaraq qəbul edilə bilməz. Eyni zamanda Türkiyənin xarici siyasət gündəliyində ərazi bütövlüyü prinsipi ilə bağlı kifayət qədər aydın və qətiyyətli mövqeyi var. Bu da ola biləcək danışıqlar prosesində Rusiya üçün heç də arzuolunan vasitəçi obrazı deyil. Nəticə etibarilə, Rusiya cəbhədə və masada tamamilə neytrallığını qorumuş vasitəçilərlə danışıqlar prosesinə getməyə daha çox üstünlük verə bilər. Amma bu məqamın Türkiyə-Rusiya, daha dəqiq ifadə etsək Ərdoğan-Putin əlaqələrinə mənfi təsir edə biləcəyini düşünmürəm. Belə ki, Türkiyə və Rusiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf dinamikası kifayət qədər yüksələrək qarşılıqlı etimad əsasında möhkəmlənməyə davam edir”.