21-ci əsr Türk dövlətlərinin güclənməsi dönəmi olacaq - TƏHLİL

Şuşada qəbul olunan bəyanat, xüsusilə də Qarabağ Bəyannaməsinin imzalanması mühüm tarixi əhəmiyyətə malik sənəddir


İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə “tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.

Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.


Türk Dövlətləri Təşkilatının Naxçıvan Bəyannaməsindən Qarabağ Bəyannaməsinə qədər mahiyyət etibarilə uzun məsafə qət etdiyini bildirən əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, bir zamanlar müəyyənləşən prioritetlərin bu qədər surətlə həyata keçirilməsi inanılmazdır: 

“Amma Azərbaycan və Türkiyənin sözügüdən prosesdə aktiv iştirakı TDT-nin Avrasiyada önəmli təsisata çevrilməsinə zəmin yaradıb. TDT-nın bu günə qədər mövcud olan digər təsisatlardan fərqli olaraq ortaq maraq və hədəfləri var. Eyni zamanda, insan, iqtisadi güc və təbii resursları baxımından da kiyafət qədər fərqlənir. Türk Dövlətləri Təşkilatına həm üzv, həm də müşahidəçi olan dövlətlərin arasında iqtisadi əlaqələrin genişlənməsi qısa zamanda təşkilatın daha qlobal  güc mərkəzlərindən birinə çevrilmə ehtimalını artırır. Digər tərəfdən regionda və dünyada baş verən hadisələr də TDT-nın mövqeylərinin güclənməsi üçün əlverişli xarakter daşıyır”.

Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin Şuşada keçirilməsinin böyük əhəmiyyəti var:

Şuşa Türk dünyasının mədəni paytaxtlarından biridir. Eyni zamanda, türk milli düşüncəsinə böyük töhfələr verən ziyalıların yetişdiyi məkandır. Ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və suveren hüquqlarını bərpa etməsi Türk dünyasında özünə inamı artırıb. Şuşa da Azərbaycanın tarixi qələbəsini simvollaşdıran mədəniyyət paytaxtı kimi təsadüfən seçilməyib. TDT-nın qeyri-formal sammitinin Şuşada baş tutmasını Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən özünübərpa işlərinə dəstək kimi də qəbul etmək lazımdır. Müxtəlif təsisat və qurupların, türk milli varlığına düşmən kəsilənlərin Şuşada keçirilən sammitə münasibətdə nümayiş etdirdikləri aqressiv yanaşma sübuta yetirir ki, Türk Dövlətləri Təşkilatı dostlar üçün böyük ümid yeri, türk milli varlığına qənim kəsilənlər üçün isə göz dağıdır. Şuşada qəbul olunan bəyanat, xüsusilə də Qarabağ Bəyannaməsinin imzalanması mühüm tarixi əhəmiyyətə malik sənəddir. Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə arasında imzalanmasından sonra Türk dünyasında ortaq dil, mədəniyyət, tarix platforması üzərindən daha sıx birliyin formalaşmasına əminlik artdı. Cənap Prezident İlham Əliyevin vurğuladığı kimi 21-ci əsr Türk dövlətlərinin güclənməsi dönəmi olacaq və TDT-a həmin gücün rəmzinə çevriləcək”.