Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib. O bildirib ki, hakimiyyət daxilində müəyyən qruplaşma onu ləkələməyə çalışır: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır: “Ölkədə insanlar çətinlik içərisində yaşayırlar. Xalq bizim sözlərimizdən uzaqdır. Söz vermişik, amma yerinə yetirmirik. Onlar bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
İran prezidenti HƏMAS liderinin Tehranda sui-qəsd nəticəsində öldürülməsinə görə hökuməti tənqid etməklə yanaşı, hökumətin ayırdığı pulların hara getdiyinin bəlli olmadığını deyib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Məsud Pezeşkiyan parlamentdə işlədiyi dövrdə müxalif kimi çıxış edib:
“İslahatçılar bütövlükdə hakimiyyət daxilində müxalifət sayılıblar. Yəni Pezeşkiyanı prezident kimi müxalifətin nümayəndəsi olaraq seçilmiş saymaq olar. Ona görə də Pezeşkiyanın "İşləməyə qoymurlar", "HƏMAS-a ayırdığımız pulun hara xərcləndiyindən xəbərimiz yoxdur" kimi ifadələri hakimiyyət daxilində hökümətə qarşı ciddi müqavimətdə olduğunun göstəricisidir. Bu isə Pezeşkiyana ilk güclü təzyiqdir. Yəni islahatçıların fəaliyyətinə müəyyən çərçivələr tətbiq etmək məqsədi daşıyır. Digər tərəfdən isə cümə gününə qədər İranda yeni hökumətin tərkibi elan edilməli idi. Bunun elan olunmasına səbəb kimi Pezeşkiyan "İşləməyə imkan vermirlər" fikrini ortaya qoyub. Eyni zamanda Pezeşkiyan strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Tağı Zərif də bildirib ki, hökumətin formalaşmasında müəyyən əngəllər var. Bütün bunların hamısı hakimiyyət daxilində ziddiyyətlərin göstəricisidir ki, bu da prezident tərəfindən açıqlanıb”.