Ukrayna nümunəsi Gürcüstan üçün dərs oldu - TƏHLİL

Tbilisi emosiyalarla yox, milli maraqlarla hərəkət edir 

Şəbnəm Həsənova: “Qələbə qarşıdurmada yox, sabitlik və sülhdədir”

Avropa İttifaqının (Aİ) hesabatına görə, Gürcüstan heç bir digər ölkədə müşahidə edilmədiyi dərəcədə geriyə doğru addımlayır. İttifaq rəsmilərinin son açıqlamaları da göstərir ki, rəsmi Brüssel Tbilisinin mövcud siyasi kursundan narazıdır və ölkənin Avropa yoluna qayıtmasını əsasən hakimiyyətin atacağı addımlarla şərtləndirir. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Gürcüstanın yenidən Aİ-yə inteqrasiya kursuna qayıdacağına ümid edir: “Əgər ölkə Avropa yolunda irəliləmək istəyirsə, o zaman fərqli davranmalıdır. Bu, hökumətə aiddir. Biz isə vətəndaş cəmiyyəti və müstəqil medianı dəstəkləməyə davam edəcəyik, çünki bu, çox vacibdir, təkcə insanlara ümid vermək üçün deyil, həm də hökumətə demək üçündür ki, xalqın istəyini nəzərə almamaq düzgün deyil. Gürcüstan haqqında danışarkən, ümid edirəm ki, xalqın dəstəyi ilə Gürcüstan hakimiyyəti Avropa kursuna geri dönəcək. Bu, onların öz əlindədir”.

Kosun bəyanatını şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Şərq”ə bildirib ki, Gürcüstan Avropa İttifaqı ilə münasibətlərdə emosional seçimlərdən deyil, reallıqlara əsaslanan, milli maraqları önə çəkən praqmatik xətti seçməyə çalışır. Onun sözlərinə görə, rəsmi Tbilisi anlayır ki, sabitlik və təhlükəsizlik xarici vədlərdən deyil, balanslı siyasət və dövlətin öz maraqlarını qorumasından keçir: “Avropa İttifaqının sıxışan durumunda mövcud aktivliyi göstərir ki, İttifaqın genişlənməsi ilə bağlı qarşıda bizi kritik bir mərhələ, qərarlar gözləyir. Ukrayna məsələsi, onun aqibəti, bu işdə İttifaqın ortaya qoyduğu mövqe bütün aktorlara aydın yanaşma təqdim etməyə imkan verəcək. Bu ondan asılıdır ki, Avropa İttifaqı Ukraynayla bağlı məsələdə nə qədər qətiyyət göstərəcək.

Bu baxımdan qarşıdakı period diqqət tələb edən hadisələrlə dolu olacaq. Bu, özünü böyük siyasi seçimlərdə, həm də daha az göstərən texniki detallarda büruzə verəcək. Avropa İttifaqı Ukraynaya dəstəkdən tutmuş Qərbi Balkanların inteqrasiyasına qədər məsələlərdə, Qara dənizdə, Cənubi Qafqazda mövqeyini daha aydın ortaya qoyur. Məsələ ondan ibarətdir ki, İttifaq, Qərb strukturları regionlarda mühkəmlənmək istəyirlər. Proseslərə ilkin olaraq öz maraqlarını təmin etmək üzərindən yanaşırlar. Biz bunu enerji resursları üzərindən Qara dənizdə də, Cənubi Qafqazda da aydın görürük. Müzakirələr gedir, islahatlar nəzərdən keçirilir, Avropa İttifaqı hətta xarici siyasəti ilə bağlı uyğunlaşma və miqrasiyanın idarə olunması sahəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçirir.

Sülh, təhlükəsizlik, sabitlik və rifaha ən vacib geostrateji investisiya kimi baxdığını bildirir. Lakin əsas məqam ondan ibarətdir ki, Avropa İttifaqı verdiyi sözlərdə, vədlərdə nə qədər konkret olacaq. Proseslərə sadəcə öz maraqları çərçivəsindən baxmalı deyil”.

Cənubi Qafqazın spesifik region olduğunu vurğulayan Şəbnəm Həsənova Sherg.az-a qeyd edib ki, bu regionda Azərbaycan və Ermənistana paralel olaraq Gürcüstan yenidən Avropa İttifaqının maraqlarını cəlb edir: “Ermənistandan sonra İttifaq qarmağı Gürcüstana yenidən keçirtmək istəyir. İttifaqın istəyi bəllidir, lakin bu qədər keşməkeşdən sonra Gürcüstanın buna reaksiyası da az önəmli olmayan məsələdir. Bu baxımdan Prezidenti Mikheil Kavilaşvilin açıqlamaları diqqət cəlb edir. O bildirir ki, Gürcüstan həmişə Avropanın bir hissəsi olmağa can atıb. Prezident nə bunu inkar etmir, hal-hazırda belə bunda maraqlı olduqlarını da gizlətmir. Daha öncəki hakimiyyətlər Avropa İttifaqı ilə daha sıx münasibətlər qurub, Rusiya ilə əlaqələri kəskinləşdirib və nəticə etibari ilə işğal reallığı ilə üz-üzə qaldı. Kənardan düşünülsə də ki, Prezident Kavilaşvili tamamilə Rusiya meyilli siyasət yürüdür, onun bu açıqlaması göstərir ki, xeyr, Gürüstan artıq heç kəs və heç nə baxımından deyil, reallığı dərk etdiyindən maraqlarını təmin etməkdə israrlıdır. Kavilaşvilinin sözündən bu çıxır ki, milli maraqların təmin edilməsi rəqabətin arasında qalmadan, öz yolunu tutub cəmiyyəti inkişaf etdirmək məqsədlərinə, hədəflərinə sadiqlikdən keçir. Qələbəni qarşıdurmada deyil, sülhün qorunmasında, radikal zorakılığın və xarici müdaxiləni qarşısının alınmasında, ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsində axtarırlar.

Gürcüstan reallıqları Azərbaycanın “case”ni düzgün dəyərləndirərək daha da dərk edir. Milli maraqları dövlətin özü müdafiə etməsə, heç kim onu dəstəkləməyəcək. Ukrayna göz önündədir. Bu baxımdan, Kavilaşvil bildirir ki, mövcud vəziyyət reallığı bir daha aydın şəkildə nümayiş etdirdi. Təbii ki, Gürcüstan proseslərdə uduzmaq istəmir, əksində uduzduğunu geri almaq, bundan sonra düzgün qərar vermək istəyir. İndiki məqamda proseslərdən qalib çıxmaq üçün aktorlar daha da ayıq olmalıdırlar”.