Fransa və Kipr arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb

Fransa ilə Kipr Rum Administrasiyası (GCA) arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyanat yayıb.

O, GCA lideri Nikos Xristodulidislə Yelisey Sarayında keçirilən birgə mətbuat konfransı zamanı bu müqavilənin ikitərəfli münasibətlərdə vacib addım olduğunu vurğulayıb.

Makron müqavilənin ətraf mühit, mədəniyyət, təhsil, innovasiya, iqtisadiyyat və müdafiə sahələrində ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırdığını bildirib.

Həmçinin görüşdə, Fransanın Kipr probleminin ədalətli, qlobal və davamlı həlli üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyini nə dərəcədə dəstəklədiyi müzakirə olunub. Makron qeyd edib ki, onlar qitədəki təhlükəsizlik təhdidlərinə qarşı güclü və suveren Avropaya dair ortaq vizyonu bölüşürlər.

Xristodulides öz növbəsində Fransanın ikitərəfli münasibətlər kontekstində "etibarlı və yaxın" tərəfdaş olduğunu, iki ölkənin ortaq maraqları və strateji hədəfləri paylaşdığını bildirib.