HAMAS-ın yeni lideri Yəhya Sinvar İsraillə atəşkəs sənədi imzalamağa hazır olduğunu bildirib. Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Nəşr yazıb ki, artıq vasitəçilər İsrail tərəfini bundan xəbərdar edib. Yazıda göstərilənlərə əsasən, HAMAS müzakirələrdə konstruktiv mövqe nümayiş etdirir. Qeyd edək ki, Türkiyə hökumətinin dəfələrlə verilən açıqlamalarda razılaşmanın yalnız ABŞ və İsrail tərəfinin güzəştləri fonunda mümkün olacağı bildirilib.
Yəhya Sinvarın fikrinə münasibət bildirən “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, Haniyənin öldürülməsi və islam dövlətləri tərəfindən gözlənilən dəstəyin verilməməsi HƏMAS və Fələstində müəyyən ruh düşkünlüyü yarada bilər:
"Məsələyə bu kontekstdən yanaşanda yeni liderin İsraillə münasibətlərdə daha loyal dəsti-xətt tutacağı gözləniləndir. Ümumiyyətlə son vaxtlar atəşkəslə bağlı müxtəlif məlumatlar paylaşılır. Bu gün HƏMAS və İsrail arasında Türkiyənin vasitəçiliyi ilə məhbus mübadiləsinin olacağı xəbəri yayılıb. Belə elementlər üfüqdə sülhün görünə biləcəyindən xəbər verir. Amma bununla yanaşı Şərqdə böyük oyun gedir. Sözügedən oyunun müəllifi isə Amerika Birləşmiş Ştatlarıdır. Əgər danışıqlar və yaxud sülh olarsa, ABŞ-nin oyunu pozulacaq. Hazırda Türkiyənin atdığı addımlar da buna hesablanıb. ABŞ isə mümkün qədər bulanan suların durulmasının qarşısını almağa çalışacaq. Buna görə də ABŞ tərəfindən müxtəlif istiqamətlərdə müəyyən işlər görüləcək. Yaxın vaxtlarda sülh prosesi reallığa çevrilərsə, İsrailə hərbi və siyasi dəstəyin artırılması da mümkündür. Amma danışıqlar əvvəlki qədər qeyri-real və utopik deyil".