Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər.
Bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekoloji Siyasət” şöbəsinin müdir müavini Rafiq Verdiyev deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizinə gedən çayların səviyyəsi azalıb.
“Bundan başqa, yağıntı azalır, buxarlanma artır, bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olacaq. 1979-cu ildə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə görə şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulurdu. Sonra da Xəzərin səviyyəsi artdı. Buna görə də layihə təxirə salındı. Lakin gedən proseslər bu layihəni yenidən gündəmə gətirə bilər”, - deyə o qeyd edib.
Məsələyə münasibət bildirən ekoloq Canbaxış Nəcəfov “Sherg.az”a bildirib ki, Xəzər dənizinfə hər 100 ildə iki dəfə qalxma və enmə prossesi baş verir:
“Hazırda Xəzər dənizinin enmə prosesi gedir. Xəzər dənizinin qalxıb-enməsinə səbəb isə dərinliyində vulkanik hadisələrin baş verməsidir. Vulkanik hadisələrin baş verməsi nəticəsində Xəzər həm çökür, həm də qalxır. Bunun qarşısını almaq qeyri mümkündür. Çünki Xəzər dənizində dağ əmələ gəlmə prosesi davam edir. Təbiət özü durğunluğu tənzimləyir. Lənkəran, Massalı, Astara və digər rayonlarda Xəzər dənizinin suyunun səviyyəsinin qalxması nəticəsində bir sıra kəndləri su basdı. Hazırda su çəkilib. Yeni proses gedir”.
Ekoloq Rövşən Abbasov isə bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsinin əsas səbəbi dənizdən gedən buxarlanmanın kəskin surətdə artmasıdır:
“Digər səbəb isə Xəzər dənizinə gələn çayların suyunun azalmasıdır. Məhz bu iki faktor nəticəsində Xəzər dənizinin suyu azalır. Suyun səviyyəsinin düşməsi davam edə bilər. Vacib məsələ odur ki, Xəzərin səviyyəsi yenidən arta da bilər. Bu ilk növbədə Xəzər dənizinə gələn çayların sululuğunun dəyişməsindən asılı olacaq. Ola bilsin yaxın illərdə yağıntılar daha bol oldu və çayların sululuğu artdı. Xəzəri xilas etməyin bir yolu da Xəzərin çaylarından götürülən suyun azaldılmasıdır”.