Zəngəzur dəhlizi uğrunda müharibə olmayacaq - PROQNOZ

Bu barədə yayılan şayiələr Ermənistana xarici dəstəyin gücləndirilməsi məqsədi daşıyır

“Zəngəzur dəhlizi olmadan da mövcud marşrutlar ölkəmizə dünyanın hər yeri ilə birbaşa əlaqə saxlamaq imkanı yaradır”


Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün iqtisadi, siyasi və nəqliyyat imkanları baxımından olduqca əhəmiyyətli layihələrdən biri sayılır. Belə ki, bu layihənin reallaşması təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin mənafeyi baxımından olduqca sərfəlidir. Lakin bu məsələdə hələ ki ikili davranan və diplomatik söz oyunlarına üstünlük verən Ermənistan tərəfi dəhlizin açılmasına süni maneələr yaratmaqda davam edir. Bu azmış kimi Azərbaycan və Ermənistan arasında Zəngəzur uğrunda hərbi toqquşmaların olacağına dair məqsədli informasiyalar yayırlar.
Belə iddialardan biri ilə erməni politexnoloq Karen Köçəryan çıxış edib. O deyib ki, bu payız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından başqa hər şeyi gözləmək olar.
K.Köçəryanın sözlərinə görə, hazırda əsas mübarizə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə kuratorluq, eləcə də Zəngəzur dəhlizinə nəzarət üzərində gedir: “Bu dəhliz təkcə Türkiyə və Azərbaycan deyil, həm də Rusiya, Qərb və hətta Çin üçün də önəmlidir. Ona görə də danışıqların gələcəyə saxlanması ilə bağlı deyilənlər diplomatik blefdir”. Köçəryan deyib ki, hazırda bölgədə iki nəhəng yol proyekti var və hər ikisi də Azərbaycanı öz tərkibinə alır. O, Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb layihəsində özünə yeganə effektiv yer edən ölkə olduğunu bildirib.
Maraqlıdır, son zamanlar Ermənistandan Naxçıvan istiqamətində təxribatçı hücumların artmasının Zəngəzur dəhlizi ilə bir əlaqəsi varmı? Tərəflər dəhliz uğrunda savaşacaq? 

Siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az"a açıqlamasında Zəngəzur dəhlizinin açılması uğrunda Azərbaycanla Ermənistan arasında müharibə ehtimalının olmadığını deyib. Onun sözlərinə görə, bu barədə yayılan şayiələr Ermənistana xarici dəstəyin gücləndirilməsi üçün erməni siyasi dairələrinin uydurduğu absurd və məntiqsiz iddialardır: 

“Azərbaycan tərəfinin dəhlizin açılması üçün müharibə variantına getməsi real deyil. Bu, ölkəmizin apardığı siyasətə uyğun deyil. Ermənistanın bu istiqamətdə göstərdiyi müqaviməti isə siyasi və diplomatik yolla tədricən aradan qaldırmalıyıq. Bilirsiniz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı maddəni Sülh Sazişinin mətnindən çıxarılmasına razılaşıb. Yəni tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Onun iddiasına görə, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə edilib. Bu isə o deməkdir ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr Sülh sazişinin mtni ilə bağlı razılaşmaya ciddi problemlər yaratdığı üçün Azərbaycan da sülhü üstün tutaraq Saziş sənədinin hazırlanaraq imzalanmasına hər hansı bir əngəl qalmamasına çalışdı. Zəngəzur dəhlizi olmadan da mövcud marşrutlar ölkəmizə dünyanın hər yeri ilə birbaşa əlaqə saxlamaq imkanı yaradır. Zəngəzur dəhlizi bizə dünyaya çıxış üçün yox, sadəcə, Naxçıvanla kommunikasiya əlaqələrini bərpa etmək üçün lazım idi. Bunun əvəzində isə biz Ermənistanı dünyaya bağlayacaqdıq. Yəni Zəngəzur dəhlizi Ermənistan üçün daha vacib bir layihədir. Ermənistandakı revanşist düşüncəyə sahib qüvvələr bu məsələdə hökumətə müqavimət göstərdilər. 
Fransadan, ABŞ-dən yeni silahların alınması rəsmi İrəvanı ciddi şəkildə cəsarətləndirib. Ermənistan sülh prosesindən sürətlə uzaqlaşmaqdadır. 

E.Xalidbəylinin sözlərinə görə, sülh sazişinin gecikməsinin əsas səbəbi Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda sülhə əngəl törətməsidir: 
“Kollektiv Qərb Cənubi Qafqazda yeni müharibə ocağının alovlanmasında maraqlıdır. ABŞ  artıq qeyri-leqal olaraq Ermənistanda hərbi baza yaradıb. Daha çox hərbi kontingentin daşınması üçün ABŞ və Qərbə regionda yeni savaş lazımdır. Ukrayna savaşına paralel olaraq Rusiyanın cənub sərhədlərində 2-ci cəbhənin açılması da onların maraqlarına uyğundur”.