Azər Badamov: Zatulinin nəslini, kökünü araşdırsaq, erməni çıxacaq

Separatçılarla eyni tərəzidədir
 
 
 Qatı ermənipərəst mövqeyi ilə tanınan və Rusiyanın erməni icmasının maraqlarını aktiv ifadə edən Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib, terrora və separatizmə dəstək sərgiləyib. Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan Zatulin bu dəfə qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. O, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirərək, “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar. Bəzi şərhçilərə görə, Zatulinin fikirləri Rusiya dövlətinin mövqeyi sayıla bilməz. Rusiyanın mövqeyini Kreml, Xarici İşlər Nazirliyi bəyan edir. Xarici siyasət prioritetləri də məhz bu mərkəzlərdə müəyyən olunur. Zatulinin açıqlaması isə sahibindən aldığı təlimatın icrasıdır. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət, müttəfiqlik sənədində iki dövlətin bir-birinin daxili işlərinə qarışmamaq kimi xüsusi bənd var. Bu məqam Rusiya Prezidenti Vladimir Putinin son Azərbaycan səfərində də qeyd olunub.


 Millət vəkili Azər Badamov “Sherg.az”a deyib ki, Zatulinin nəslini, kökünü araşdırsaq, onun damarlarında erməni qanının axdığının şahidi olarıq. Deputatın sözlərinə görə, ancaq damarlarında erməni qanı axan biri erməni separatçıları dəstəkləyə və bəyanatlar səsləndirə bilər: 

"Zatulin hətta Ermənistan hakimiyyəti tərəfindən də zibil qutusuna atılmış biridir. Həmişə ermənipərəst mövqeyini sərgiləməsinə baxmayaraq, Paşinyan onu Ermənistanda arzuolunmaz şəxs adlandırıb. Bu, bir daha sübut edir ki, Zatulin erməni separatçıları ilə eyni tərəzidədir. Ona görə də səsləndirdiyi bəyanatda həbsdə olan separatçılara canının yandığını ifadə edib. Zatulinin separatçılarla bağlı səsləndirdiyi bəyanatı Ermənistanda kimə göndərdiyi də məlum deyil. Ermənistan hakimiyyəti nə Zatulini, nə də separatçıların mövcudluğunu tanıyır".

 Parlamentari vurğulayıb ki, Zatulinin bəyanatı Azərbaycan-Rusiya münasibətlərinə heç vaxt kölgə sala bilməz:
 "Onun bəyanatı fərd şəklində özünə aiddir. Rusiyanın rəsmi dövlət siyasəti ilə Zatulinin düşmənçilik fikirləri arasında heç bir bağlılıq yoxdur. Zatulin sadəcə Azərbaycanın düşmənidir. Özü də bilir ki, Azərbaycanda erməni separatizminin kökü kəsilib. Sadəcə, yaratdığımız yeni reallıqla barışa bilmir. Bu da onun içinin nə qədər çürük olduğunu üzə çıxarır. Zatulinin ermənipərəst hərəkətlərinə fikir verməməliyik. Çünki o, bizim üçün heç kimdir. Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının ortaya qoyduğu güclü siyasi iradə üzərində gündən-günə möhkəmlənməkdədir".