Kanada Azərbaycana qarşı düşmən mövqeyini davam etdirsə, cavabını alacaq -ANALİZ

Okeanın o tayındakı uzaq və soyuq Kanadanın isti Cənubi Qafqazda baş verənlərdən xəbərsiz Azərbaycana qarşı qərəzli davranışına daha təəccüblənmirik. Bu qərəzin ba­riz nümunəsini ölkənin xarici işlər naziri Melani Joli keçən il oktyabrın 25-də İrə­vana səfəri zamanı “nümayiş etdirmişdi”. Diqqətli oxucuların yadında olar. Həmin səfəri zamanı xanım Joli ölkəmizə qarşı yalan və iftiralar səsləndirməklə kifayət­lənməmiş, həddini aşaraq, Azərbaycana sanksiyaların tətbiqi variantının da istis­na olunmadığını demişdi. Azərbaycanla təhdid dilində danışmağa cürət edən er­mənipərəst Melani Jolinin Qarabağdan könüllü çıxanların Bakıdan geri qayıtma­sına şərait yaratmaq tələbini, Azərbayca­nı “etnik təmizləmə”də günahlandırması­nı da unutmamışıq.  Bu azmış kimi Kanadanın öz tarixi keçmişi də yerli xalqlara qarşı etnik təmizləmələrə şahid olub. Yaxın keçmişdə Kanadanın Saskaçevan bölgəsində əsasən uşaqlara aid olan 751 işarəsiz məzar aşkar edilməsi hər kəsin yadındadır. Bu fakt Kanadada etnik və irqi təqiblərə dair daha dəhşətli sübutlar ortaya çıxardı. 
Kanadanın assimilyasiya siyasəti bir çox yerli qəbilələrin yoxa çıxmasına, onların mədəniyyətinin və həyat tərzinin məhvinə gətirib çıxardı. Kanada hökuməti assimilyasiya faktını araşdırmaq üçün komissiyanın yaradılmasına qərar versə də, maliyyələşdirmə və digər mexanizmlərin həyata keçirilməsi kağız üzərində qaldı. Bütün bunlar göstərir ki, Azərbaycanı guya Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edən Kanada öz xalqına belə hörmət qoymayıb. Avropalı müstəmləkəçilərin əlində marionetə çevrilərək yerli sakinlərə faciələr yaşadıblar. Belə olan təqdirdə Ottavanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, son dövrlər Kanadanın ölkəmizə qarşı qeyri-səmimi münasibəti və ərazi bütövlüyünə qarşı çağırışları tez-tez müşahidə olunur:

“Kanada kimi ölkələrin Azərbaycana qarşı irəli sürdükləri fikir ondan ibarətdir ki, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını hörmət edilməlidir. Yəni elə fikir formalaşdırırlar ki, sanki İkinci Qarabağ müharibəsi olmayıb və regionda yeni reallıqlar yoxdur. Münaqişə dövründə də ölkəmizə gələn müxtəlif rəsmi şəxslər və diplomatlar məhz sözügedən yanaşmanı ortaya qoyurdular. Hətta imkan axtarırdılar ki, Ermənistana da gedərək bundan qazanc əldə etsinlər. Amma mövcud realləqlar dəyişib. Təəssüflər olsun ki, Kanada keçmişlə yaşamağa səy göstərir. Bunun isə heç bir nəticəsi olmayacaq”.


Ekspert bildirib ki, Kanada öz daxili məsələləri ilə məşğul olsa və regionda gedən proseslərə müdaxilə etməsə, daha yaxşı olar:
“Onlar öncə törətdikləri cinayət, soyqrımlara və yerli xalqlara qarşı etdikləri repressiv siyasətlərə nəzər salsınlar. Yəni Azərbaycanı günahlandırmaq əvəzinə öz keçmişlərinə nəzər salsalar daha məqbul olar. Həmçinin Kanada kimi vahid mərkəzdən idarə olunan digər dövlətlər də mövcuddur. Kanadanın Kvebek bögəsində fransızların yaşaması heç kəsə sir deyil. Eyni zamanda Kanadanın Avropa İttifaqının dırnaqarası mülki missiyasının tərkibində Ermənistanda binokul diplomatiyası həyata keçirən ölkələrin sırasında dayandığı hər kəsə məlumdur. Azərbaycan Kanadanın etdiklərini heç zaman unutmayıb. Amma Azərbaycan üçün bərabərhüquqlu münasibətlərin qurulmasına önəm verdiyinə görə Kanadanı düşmən kimi görmür. Təbii ki, Kanada Azərbaycana qarşı düşmən mövqeyini davam etdirsə, qətii şəkildə cavabını alacaq”.