İranın xarici işlər naziri Abbas Arakçı Türkiyədə regional “3+3” platformasının iclasında iştirak edəcək. Bu barədə “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və bu görüşdə İranın xarici işlər naziri Arakçı da iştirak edəcək.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Tehran hakimiyyəti bu görüşün keçirilməsinə daha çox maraq göstərir:
“Hələlik Ermənistan tədbirdə iştirak edəcəyini təsdiqləməyib. Amma Arakçının tədbirdə iştirakı heç nəyi dəyişmir. Çünki tədbirin formatı nazirlərin görüşüdür. Ola bilsin ki, İran görüşdə iştirakçıların diqqətini daha çox Yaxın Şərqə, xüsusilə də Qəzza və İsrail-Livan münasibətlərinə cəlb etsin. Digər tərəfdən isə Ermənistanın ərazi bütövlüyünü Tehran hakimiyyəti yenidən diqqətə çatdıra bilər. Rəsmi Tehranın görüşdə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də açıqlama ehtimalı var. Eyni zamanda müzakirə mövzusu regional əlaqələrin inkişaf etdirilməsi ilə bağlı ola bilər”.