Bakı-İrəvan xəttində hərbi toqquşma trayektoriyasının canlanma ehtimalları var -ŞƏRH

Azərbaycanla sülh müqaviləsi imzalamaqdan hər vəchlə yayınan Ermənistan silahlanmaqla yanaşı, sərhədə qoşun yığmağa başlayıb. Globalinfo.az xəbər verir ki, bir qədər əvvəl erməni hərbçilərin avtobuslarla Azərbaycanla şərti sərhədə göndərilməsinə dair görüntülər – foto və video yayılıb. Görüntülərdə diqqətçəkən məqam erməni hərbçilərin jest və mimikalarında qələbə, güc mesajının verilməsidir. Bu həmin hərbçilərin sərhədə hansı əhvali-ruhiyyədə göndərilməsi ilə bağlı bəzi ipucları verir. Sərhədə göndərilənlərin zahiri görünüşündən onların çağırışçı əsgər deyil, təcrübəli hərbçilər olduğu aydın görünür. Eyni zamanda teleqram kanalları iddia edir ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da daşımağa davam edir. Son aylarda xüsusən Fransa və Hindistandan silah alışını sürətləndirən Ermənistanın bunların bir qismini Azərbaycanla sərhəddə sınaqdan keçirdiyi artıq məlumdur. Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bu silahlanma kütləvi hal alsa və təhdid elementləri daşısa, zəruri tədbirlər görüləcək. 


Siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə cəmləşdirdiyi şəxsi heyəti və hərbi texnika sayını artırması İrəvanın sülh müqaviləsindən yayınması və Bakıya qarşı dönüş nöqtəsi yaratmaq planının bir hissəsidir:

“Azərbaycan hələlik Ermənistanın müharibədə böyük itkilərini xatırlatmaq və gələcəkdə mümkün hərbi eskalasiya fonunda İrəvanın nələri itirə biləcəyi barədə mövqeləri səsləndirir. Bu mövqe İrəvana sülh proqramına əsaslı və mənalı şəkildə qayıtmaq üçün möhlət verir. Lakin İrəvanın sülhlə ziddiyyət təşkil edən açıqlama və hərəkətləri müşahidə edilir. Bu məsələ Azərbaycan-Ermənistan sərhədinin qaynamağa hazırlaşmasının işığında daha çox diqqət çəkir. Ermənistanın təxribatları fonunda Azərbaycan müdafiə naziri Zakir Həsənovun xidməti müşavirə keçirməsi, İrəvanın ehtimal edilən hərbi provakasiyalarına qarşı komandanlara tapşırıqlar verməsi də vəziyyətin mürəkkəbliyini təsvir edir. Göründüyü kimi Bakı-İrəvan xəttində sülh üçün danışıqlarla yanaşı, hərbi toqquşma trayektoriyasının canlana biləcəyi ehtimalları var”.

Ekspert bildirib ki, əgər genişmiqyaslı toqquşma baş verərsə, Ermənistanın özünü nəticə olaraq harada tapacağı sual altındadır:
“Ona görə ki, Ermənistanın Azərbaycana qarşı güc balansını dəyişə bilmək potensialı yoxdur və İrəvanın silahlanması belə Bakının geosiyasi mövqelərini laxlatmır. Üstəlik, Azərbaycanın balansında ən müasir silahlar, xüsusi təyinatlı dəstələr, peşəkar ordu modeli mövcuddur ki, Ermənistanın buna qarşı dirənə biləcəyi ehtimalı yoxdur. Bir sözlə, İrəvanın təxribatları və hərbi toqquşmalara hazırlaşması elə Ermənistanın təhlükəsizlik hissini dərindən sarsıdır”.