Niderland beynəlxalq hüququn bütün norma və prinsiplərini pozur -ANALİZ

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir. Bu barədə  Qərbi Azərbaycan İcmasından bildirilib. Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir. İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin edib. Buna görə vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, İslamofobiyanın geniş tüğyan etdiyi, Srebreniça soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Qərbi Azərbaycan İcması Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edib. 

Politoloq Aytən Qurbanova “Sherg.az”a vurğulayıb ki, II Qarabağ Müharibəsindən sonra Azərbaycana dost, tərəfdaş, müttəfiq olan dövlətlərlə yanaşı kifayət qədər qərəzli və ikili standartlara əsaslanan ölkələrin də olduğunu müşahidə edirik:

“Niderland da həmin dövlətlər sırasındadır. Niderlandın Azərbaycanın ərazi betövlüyünü hədəf alan çıxışları və Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi bir daha sübut edir ki, rəsmi Amsterdam beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, qlobal sistemin ikili standartlarını əsaslanan yanaşmalarının təzahürü kimi qiymətləndirəcəyimiz dövlətlərdəndir. 10 oktyabr 2024-cü ildə Niderland parlamentinin nümayəndələr palatasında Azərbaycana münasibətdə müzakirə olunan məsələlər, qeyri-konstruktiv yanaşmalar və bəyanatın qəbul olunması Niderlandın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazilərini işğaldan və separatçılardan təmizləməklə bağlı atdığı legitim addımlara qarşı ədalətsiz yanaşmasının olduğunu göstərir. Çünki 23 saatlıq antiterror tədbirləri sırasında həbs olunan bütün cinayətkarların və terrorçuların qlobal sistem tərəfindən tanınan seperatizm fəaliyyətləri ilə bağlı yetərincə faktları Ermənistan tərəfinə və dünya ictimaiyyətinə dəfələrlə təqdim etmişik. Bununla bağlı cinayətkarların etirafedici bəyanatları da var. Mühakimə prosesi Azərbaycan hüquq sistemi tərəfindən həyata keçirilir. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü hədəf alan işğalçılıq siyasətini həyata keçirən, terrorizm və separatizmi təbliğ edən və Xocalı qətliamını törədən şəxslərə qarşı beynəlxalq tribuna qurulmalı olduğu halda Fransa, Niderland, ABŞ-nin bəzi qurumları onları dırnaqarası hərbi əsir adlandıraraq himayə etməyə çalışır. Ümumiyyətlə Qərbin fərqli siyasi dairələrində sözügedən hadisələrə münasibətdə müxtəlif mövqelər mövcuddur və beynəlxalq hüquq gözardı edilərək kimlərinsə maraqlarına qurban olunur”.