Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib. Bu barədə nazirliyin X hesabında paylaşım edilib. Bildirilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub. Paylaşımda həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın yerləşdirdiyi minalardan Azərbaycan vətəndaşlarının həlak olması rəsmi İrəvanın Bakıya qarşı mina terroru törətməsi deməkdir:
“Bu eyni zamanda iki ölkə arasında savaşın davam etməsi anlamını da özündə daşıyır. Çünki üçtərəfli anlaşma nəticəsində hər iki tərəf atəşkəs rejimi tətbiq etsə də, Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir. Hətta Ermənistan son dövrlər basdırdığı minaların xəritələrini Azərbaycana verməkdən imtina edib. Bu isə Ermənistanın Azərbaycan vətəndaşlarının minalardan həlak olmasında maraqlı olduğunu göstərir. Sözügedən addım isə qətiyyən beynəlxalq hüquq normalarına cavab vermir. Həmçinin bu hadisələr hümanizmdən danışan Ermənistanın necə terrorçu dövlət olduğunu nümayiş etdirir. Ona görə də rəsmi Bakının bu məsələyə kəskin şəkildə etiraz etməsi tamamilə haqlı mövqedir. Ermənistanın mövqeyini dəstəkləyən bütün dövlətlər həqiqətən ədalət carçısıdırlarsa, onda rəsmi İrəvandan mina xəritələrinin Azərbaycana verilməsini də tələb etməlidirlər”.