Hindistan “Pralay” kvaziballistik raketləri Ermənistana satmağa hazırlaşır. “Alpha Defence” portalı Hindistan hökumətinin raketlərin “dost” ölkəyə ixracına icazə verdiyini yazır. Yazıya əlavə edilən fotolardan aydın olur ki, söhbət “Pralay” kvaziballistik raketlərindən gedir. Ötən ay “İndian Defense Research Ving” nəşri bildirmişdi ki, Hindistan “Pralay” raketlərini Ermənistana mümkün qədər tez çatdırılması ilə bağlı müqavilə bağlamaq niyyətindədir. “Pralay” kvaziballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir, 500 km mənzilə sahibdir. Hindistan Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün 300 km və ya daha çoxmənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar hazırlığı fonunda ballistik raket almaq istəyi xüsusilə diqqət çəkir. Bu, həm də 44 günlük müharibədə Ermənistanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri – Gəncə, Bərdə, Tərtər və digər əraziləri raket atəşinə tutduğunu yada salır. Bu baxımdan, heç kim Ermənistanın kvaziballistik raketə sahib olacağı təqdirdə, bundan sivilləri hədəfə almayacağına zəmanət verə bilməz.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan həmişə reallıqdan uzaq hərəkət edir və nə istədiyini bilmir:
“Həmçinin rəsmi İrəvan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir. Ümumiyyətlə havadarları Ermənistanı uzun müddət silahlandırıb. Amma həmin silahlar bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkındadır. Əgər Ermənistan yenə hansısa yanlış addımlar atacaqsa, onların Hindistandan aldığı silahlar da Hərbi Qənimətlət Parkında nümayiş olunacaq. Ermənistanın hansı məntiqlə bu qədər silah alması sual altındadır? Çünki onlar Türkiyə, İran, Azərbaycan və Gürcüstan olmaqla dörd ölkəylə sərhəddir. Rəsmi İrəvanın sözügedən silahları adıçəkilən ölkələrdən hansına qarşı istifadə edəcəyi də bəlli deyil. Digər tərəfdən Ermənistan uzun müddət bölgədə terror, işğal və soyqırm fəaliyyəti ilə məşğul olub. Amma indi regionda sülh və sabitlik üçün şans yaranıb. Ermənistan yenə bu şansı dəyərləndirməsə, öz mövcudluğunu təhlükəyə atacaq. Onlar iki əsr bundan öncə gəldikləri ərazilərə qayıtmaq məcburiyyətində qalacaqlar. Azərbaycan dövləti sonsuza qədər Ermənistanın nazıyla oynamaq niyyətində deyil. Ümumiyyətlə Ermənistan müxtəlif dövlətlərin əlində alət olduqca həmin ölkələr onu silahlandıracaq. Ermənistan isə həmin silahları Azərbaycan vətəndaşlarına qarşı istifadə edəcək. Beynəlxalq aləm isə Ermənistanı sakitləşdirmək əvəzinə bölgədəki cinayət faktorlarına dəstək verirlər. Ermənistan və onun arxasında duran güclər ağıllarını başlarına yığmalıdırlar”.