Bakıda birləşdiriləcək bələdiyyələr məlum olub.
Bu, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində əksini tapıb.
Bakıda bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:
Xəzər rayonu üzrə:
- Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.
Qaradağ rayonu üzrə:
- Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;
- Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.
Pirallahı rayonu üzrə:
- Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.
Səbail rayonu üzrə:
- Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, bələdiyyələrin birləşdirilməsi onların inkişafına yönələn bir addımdır:
''Bundan öncə də bələdiyyələrin birləşdirilməsi prossesi həyata keçirilmişdi. Beləki 2009-cu ildə mindən artıq, 2014-cü ildə isə 100-dən artıq bələdiyyə birləşdirildi. Bu addımın atılması bələdiyyələrin büdcə gəlirində artıma və xərclərin minimuma endirilməsinə köməklik göstərəcək. Fikrimcə, bələdiyyələrin birləşdirilməsi təqdirəlayiqdir və prossesin davam etdirilməsindən yanayam. Ümumiyyətlə son zamanlar bələdiyyələrin büdcə gəlirlərinin artırılmasına dair xeyli işlər görülüb. Məsələn, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi mövcuddur. Həmin inteqrasiyanın sahəsində bələdiyyə hesabının gəliri 25 faiz artıb. Çox ehtimal, ilin sonuna qədər həmin rəqəm çoxalacaq. Əlavə olaraq bu yaxınlarda bələdiyyələrin torpaqla bağlı sənədləşdirilməsi elektron qaydada təşkil olunacaq. Bu da büdcə gəlirinin artımına və prossesin sadələşdirilməsinə səbəb olacaq".