Bu gün “3+3” formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) növbəti görüşü keçirilir. Bu tərəflərin sayca üçüncü görüşüdür. Bundan əvvəl birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra üçüncü görüş isə oktyabrın 18-də İstanbulda baş tutur. Artıq Türkiyənin İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısı başlayıb. İclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, “3+3” formatı bölgədə kommunikasiyaların açılmasına hesablanıb:
“Yəni bölgədə hansı yeni kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizinin müzakirə olunması və qərarların alınması üçün sözügedən format yaradılıb. “3+3” formatında iştirak edən ölkələr öz maraqları çərçivəsində kommunikasiyaların açılmasında iştirak etməyə çalışırlar. Sözügüdən müzakirələrin əsas mövzusu Cənubi Qafqazda kommunikasiyaların maneəsiz şəkildə həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanmasına xidmət edəcək. Burada Azərbaycan və Türkiyənin mövqeyi bəllidir. Onlar Ermənistan üzərindən keçən bütün kommunikasiyaların maneəsiz şəkildə açılmasına və istifadəsinə çalışırlar. Bu səbəblə də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğundur”.