Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycandır. Bunu Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.
ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter isə söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu bildirib. O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, son vaxtlar həqiqətən də Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması baxımından olduqca münbit şərait yaranıb:
“Əgər bu proses baş verərsə, Cənubi Qafqazda sülh və sabitlik bərqərar ola bilər. Buna görə bütün siyasi imkanlar və şərait mövcuddur. Ancaq problem ondan ibarətdir ki, Ermənistan Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazdakı siyasi müstəmləkəsinə çevrilib. ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı maraqları isə regionda sülhün olmasını tələb etmir. Əksinə olaraq ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılmasında, geosiyasi xaosun güclənməsində birbaşa maraqlıdırlar. Cənubi Qafqaza yerləşmək və geopolitik oyunçuya çevrilmək üçün Qərb siyasi dairələrinə regionda qısa müddətli savaşın olması belə yetərlidir. Ona görə də ABŞ, Aİ, Fransa Cənubi Qafqazda sülh prosesinin pozulması, geosiyasi situasiyanın gərginləşməsi istiqamətində addımlar atırlar. ABŞ, Aİ və Fransanın sülhlə bağlı verdiyi açıqlamalar isə sadəcə siyasi manipulyasiyalardan ibarətdir”.
Ekspert söyləyib ki, ABŞ, Aİ və Fransa sülh müqaviləsindən danışmaqla yanaşı Cənubi Qafqazda savaşa yönələn addımlar formalaşdırırlar:
“Ermənistanı silahlandırmaqla, rəsmi İrəvanda qeyri-rəsmi şəkildə hərbi kontingentlər yerləşdirməklə erməniləri yenidən müharibəyə cəsarətləndirirlər. Əgər ABŞ, Aİ və Fransa sözügedən addımları atmasaydı, Azərbaycan və Ermənistan çoxdan sülh sazişini imzalayardı. ABŞ, Fransa, Avropa Birliyinin kobud müdaxiləsi indiyə qədər sülh sazişinin imzalanmasının qarşısını alan əsas faktorlardandır. Ona görə də açıq şəkildə demək olar ki, bu gün Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısında ABŞ, Aİ və Fransanın pozucu müdaxiləsi dayanır. ABŞ, AB, Fransa sülh istəyirlərsə, kənara çəkilməlidirlər və iki ölkə arasında birbaşa təmaslar formasında yekun sülh sazişinin imzalanmasına əngəl törətməməlidirlər”.