İnformasiya müharibəsi: Azərbaycan uzun illərdir Ermənistanın qarayaxma kampaniyaları üzləşir

Azərbaycana qarşı hibrid təhdidlərin əksəriyyətinin arxasında erməni diasporu, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatları dayanır. Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının üzvü Gülşən Paşayeva deyib. O qeyd edib ki, dövlət və cəmiyyət imkanlarını birləşdirərək bu təhdidlərə qarşı birgə mübarizə aparmalıdır. Müzakirədə iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib ki, bu cür dezinformasiyalarla mübarizə tədbirləri COP29-a hazırlıq prosesi ilə paralel aparılmalıdır. Təklif edirəm ki, COP29 haqqında “antifake” sosial şəbəkə səhifəsi yaradılsın. Bu, COP29 haqqında yayılan yalan informasiyaların təkzib edilməsi, həqiqətlərin çatdırılması üçün istifadə oluna bilər. 


Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a vurğulayıb ki, hibrid təhdidlər, informasiya müharibəsi müasir dövrün ən təsirli mexanizmlərindən biri kimi ölkələr arasında geniş şəkildə istifadə olunur:

“Yumşaq güc kimi görünən proses özlüyündə vacib elementləri ehtiva edir. Çünki düşmənin əldə edilən məxfi, həyati əhəmiyyətli məlumatları ona qarşı istifadə etmək üçün geniş imkanlar açır. Atəş vasitələrinin istifadə olduğu döyüşlərdən fərqli olaraq informasiya müharibələri daha çox sosial şəbəkələr, müxtəlif məzmunlu media platformaları, TV-lər vasitəsilə həyata keçirilir və arxasında siyasi məqsədlər durur. Azərbaycan da bu baxımdan uzun illərdir Ermənistanın və müxtəlif ölkələrdəki erməni lobbilərinin qarayaxma kampaniyaları, həmçinin əsassız iddiaları ilə üzləşir. Onların hazırda əsas məqsədi Vətən müharibəsində əldə etdiyimiz Qələbəyə kölgə salmaqla bizi təcavüzkar kimi təqdim edib, dövlətimizin beynəlxalq nüfuzunu zədələyib, ölkəmizdə keçirilən qlobal tədbirləri əhəmiyyətsizləşdirib təzyiqləri artırmaqdır. Ümumilikdə isə Azərbaycanın son illərdə qazandığı siyasi və iqtisadi uğurlar, müstəqil xarici siyasət kursu erməni maraqlarının müdafiəçilərini də narahat edir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin dönməz strateji mövqeyinin qarşısını almağa yönələn siyasətlərin heç bir nəticə vermədiyini görən anti-Azərbaycan dairələri COP29 ərəfəsində təzyiqləri artıraraq nəyəsə nail olacaqlarını düşürlərsə, yanılırlar. Çünki biz ərazilərimiz işğala məruz qalanda, ən çətin dövrümüzdə də bu cür vəziyyətlə üz-üzə idik. Bu gün isə Azərbaycan Qalib ölkə kimi istənilən təzyiqlərin öhdəsindən gələcək gücdədir. Lakin bu, uzunmüddətli proses olduğu üçün Azərbaycan diplomatiyasının, mediasının, QHT-lərinin, ümumilikdə isə ölkəmizin milli maraqlarını qorumaq istiqamətində hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür”.