Azərbaycanın beynəlxalq arenada rolu getdikcə güclənir və bu, onun multilateralizm prinsipini əsas tutaraq çoxtərəfli diplomatiya həyata keçirir. Məsələn, Qoşulmama Hərəkətində uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu konteksdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. Kazan şəhərində XVI BRICS Sammitində Azərbaycanın iştirakı da bu siyasətin tərkib hissəsidir və ölkənin multilateralizmə verdiyi önəmi göstərir.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, ölkəmizin tədbirdə fəal iştirak etməsi rəsmi Bakının BRİCS ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyinin göstəricisidir:
“Azərbaycan beynəlxalq iqtisadi əlaqələr sistemində fəal iştirak edir. Eyni zamanda öz tərəfdaşları ilə münasibətləri hər iki tərəfin maraqlarını nəzərə alacaq çərçivədə qurur. Bunun üçün də BRİCS ölkələri, eləcə də Avropa ölkələrinin bir çoxu Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığa xüsusi önəm verirlər. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki uğurlu siyasəti dünya liderlərinə yaxşı məlumdur. Qoşulmama Hərakatına sədrlik etdiyi dövrdə Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsində təşkilata üzv olan ölkələr arasında əlaqələr gücləndi və bu birlik beynəlxalq siyasətdə təsir gücünə sahib aparıcı birliklərdən birinə çevrildi. İndi də Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi təşkilat daxilində aktiv rol oynayır. Bundan başqa ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlət Təşkilatı kimi qurumlar da üzv ölkələrin əlaqələrin inkişafı və ümumi məsələlərdə həmrəylik nümayiş etdirilməsində də mühüm rol oynayır. Bu müddət ərzində Azərbaycan planetin ümumi probleminə çevrilmiş bir çox məsələnin həllində birbaşa iştirak edib”.
Ekspert söyləyib ki, Azərbaycan qlobal probmemlərin müzakirə və həll edildiyi platformaların ən fəal iştirakçılarından biridir:
“COP29 -un Azərbaycanda keçirilməsi də bunun sübutudur. Rəsmi Bakı COP29 -un sədri dünya iqlim diplomatiyasında aktiv şəkildə iştirak edir, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Ölkəmizin ev sahibliyi edəcəyi tədbirin ümumi planet üçün vacib olması nəzərə alınır və Azərbaycan bütün dövlətlərin tədbirdə yüksək səviyyədə iştirakında maraqlıdır. Ermənistanın uzun illər çəkən təcavüzü nəticəsində ekoloji terrora məruz qalmış ölkəmiz hazırda bu dünya miqyasında bu kimi halların qarşısının alınması üçün əlindən gələni edir. Azərbaycan hazırda işğaldan azad olunmuş torpaqlarda ekoloji bərpa işləri ilə məşğul olur və bu konteksdə dünya ölkələri ilə təcrübə mübadiləsinin həyata keçirilməsi də Azərbaycanın marağındadır. BRİCS ölkələri dünya iqtisadiyyatında, həmçinin ekoloji balansında mühüm payın sahibidir. COP29 tədbirində öncə bu ölkələrlə müzakirələrin aparılması və əlavələrin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin uğurlu diplomatik manevrləri Azərbaycan qlobal oyunçuya çevirməkdədir. Azərbaycan həm dünya əhəmiyyətli tədbirlərin keçirilməsi üçün təhlükəsiz ölkə, həm də bu kimi problemlərin həllində aparıcı rola malik olan qlobal oyunçuya çevrilməkdədir”.