Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin tərəfdarıyam, çünki indiki vəziyyətdə başqa çıxış yolu görmürəm. Bu sözləri Ukrayna İttifaqı diaspor qurumunun rəhbəri Sasun Mikaelyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, mən demarkasiyanın tərəfdarıyam, çünki bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur. 20 ildir ki, azərbaycanlılar müasir silah və sursat alırdılar, bizim əvvəlki hakimiyyət isə talançılıqla məşğul olub. Mikayelyanın fikrincə, Ermənistanın azad və müstəqil dövlətə çevrilməsi üçün sərhədin demarkasiyası lazımdır. O iddia edib ki, heç vaxt Qarabağa ümidini itirməyib. Məsələ beynəlxalq məhkəmələrdə qaldırılıb, diplomatlar Qarabağ ermənilərinin Qarabağa qaytarılması üçün çalışırlar.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, sözügedən açıqlama səmimi olsa da, olmasa da ağlın yolu birdir və başqa çıxış yolu yoxdur:
“Həqiqətən də tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir. Bundan sonra hansısa mübahisəli məsələ olsa, dəqiqləşdirilən sərhədlər çərçivəsində münasibət bildirmək olar. Ermənilər sözügedən məsələni gec də olsa, anlayıblar. Digər tərəfdən Ermənilər Azərbaycan torpaqlarını işğal altında saxlayanda onları sərhəd məsələsi narahat etmirdi. Çünki sərhədlərin dəqiqləşdirilməsi aparılsa idi, onlar Azərbaycan torpaqlarından çıxmalıydılar. Həmin hadisə isə ermənilər sərf etmirdi. İndi isə fakt qarşısında qalıblar, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Eyni zamanda Azərbaycan Ermənistana sərhədlərin dəqiqləşməsi təklifini irəli sürüb və bildirib ki, bundan sonra normal dövlətlərarası münasibətlər quraq. Ermənistanda reallığı başa düşənlər görürlər ki, divar qurtarıb və irəli getmək üçün imkan yoxdur. Belə olan halda isə Azərbaycanın şərtlərini yerinə yetirmək lazımdır. Eyni zamanda ermənilərin hansısa oyunbazlıq etmək üçün də imkanları tükənib və bir növ dalana dirəniblər. Sözügedən açıqlaması isə geciçəkən erməni ağlının faydalı məhsulu hesab edirəm. Əgər ermənilər vaxtında bu məsələləri anlasaydılar nə müharibə, nə də xalqların düşmənçiliyi olardı”.