Orta Dəhliz Çin üçün xarici bazarlarla əlaqə quran beş mühüm marşrutdan biridir. Bu barədə rusiyalı ekspert, tarix elmləri doktoru Aleksey Maslov Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Orta Dəhliz Çin üçün prioritet məsələdir və o, bunu gizlətmir. Son beş il ərzində Çin gördü ki, bir çox bölgələr və dəhlizlər müharibə, ABŞ-ın fəaliyyətləri və əks-təsirlər nəticəsində bağlana bilər. Buna görə də Çin bu dəhlizləri mümkün qədər şaxələndirmək istəyir və konkret olaraq Azərbaycan və Gürcüstan da daxil olmaqla, bir çox dəmir yolu xətlərini maliyyələşdirir, birbaşa faydasını görməsə də, bu, ən azından ticarət yollarının bağlanma risklərini azaldır. Ona görə də Orta Dəhliz 5-7 il ərzində Çin üçün çox vacib dəhliz olacaq. Ekspertin fikrincə, Çinin Cənubi Qafqazda kifayət qədər ciddi mövqeləri var. Eyni zamanda qeyd edib ki, üstəlik, ABŞ indiki zamanda bir çox layihələr üçün lazım olan maliyyəni təmin etməyə hazır və qadir deyil. Onlara nəqliyyat dəhlizləri öz mallarını daşımaq üçün lazımdır. Amma orada hansı malların daşınacağı sualı yaranır. ABŞ regiona ciddi miqdarda mal tədarük etməyən bir ölkədir. Əsas tədarükçülər isə Çin və Yaxın Şərq ölkələridir. Mən düşünmürəm ki, indiki şəraitdə bir ticarət-logistika dəhlizi, o cümlədən Yaxın Şərqdə, Çindən kənar mümkün olsun. O bildirib ki, Çin tərəfindən investisiya qoyulması planlaşdırılan Gürcüstanda inşa ediləcək dərin su limanı yük daşınmalarını ən azı 15-20% artırmalı və malların daşınma xərclərini 10-15% ucuzlaşdırmalıdır.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, hazırda Zəngəzur dəhlizi uğrunda böyük dövlətlərin mübarizəsi gedir:
“Mübarizənin ön planında Amerika Birləşmiş Ştatları, Fransa, Avropa Birliyi dayanır. Onlar orta mövqe ilə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək imkanlarını bloklamağa cəhd göstəriblər. Yəni Qərbdə Avropanı Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər. Çünki belə olan halda Rusiya Cənubi Qafqazda əlavə təsir mexanizmləri qazanacaq. Bu baxımdan ABŞ, AB, Fransa Ermənistana təzyiq göstərərək Rusiyanın Zəngəzur dəhlizindən uzaq tutulmasına çalışır. Eyni zamanda Zəngəzur dəhlizinin Qərb dövlətlərinin nəzarətində olmasını təmin etməyə səy göstərirlər. Paşinyan hakimiyyətinin bu yaxınlarda Zəngəzur dəhlizinə xarici şirkətin nəzarət etməsi ilə bağlı təklifi də məhz ABŞ, AB, Fransanın maraqları çərçivəsində gündəmə gətirilib. Ancaq burada əsas məsələ ondan ibarətdir ki, Cənubi Qafqazdan keçən dəhlizlər dünyanın super dövlətlərindən biri olan Çinin də maraqlarına daxildir. Çin dövləti də Cənubi Qafqaz tranzit xəttindən öz maraqları çərçivəsində istifadə etmək niyyətindədir. Əslində Çin Zəngəzur dəhlizinin açılmasıyla bağlı maraqlı olduğunu bildirsə də, sözügedən prosesdə tərəf rolunu oynamaqdan yayınmağa çalışır. Bununla belə Azərbaycan və Gürcüstanın sahib olduğu marşrutların gücləndirilməsinə dəstək verilməsinə üstünlük göstərir. Yəni Çini indiki vəziyyətdə Asiyanı Azərbaycan və Gürcüstanla birləşdirən tranzit nəqliyyat-kommunikasiya xətləri tamamilə qane edir. Çünki sözügedən xətlər dünyanın bir çox istiqamətlərinə çıxmaq üçün pəncərə rolunu oynamaq imkanlarına sahibdir. Ona görə də yaxın gələcəkdə Çin öz mövqeyini daha qabarıq şəkildə ortaya qoya bilər”.