Çirkli hava ürək-damar, infarkt riskini, xərçəng xəstəliyini dəfələrlə artırır
Əslində isə texnologiyanın, süni intellektin bu qədər inkişaf etdiyi bir zamanda zərərli tullantıları minimuma endirmək də şübhəsiz mümkündür
Ümumdünya Səhiyyə Təşkilatı hər il “Dünya Hava Keyfiyyəti Hesabatı”nın nəticələrini təqdim edir. Bu hesabat İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti "IQAir" tərəfindən hazırlanır. Hesabat hər kubmetr üçün incə hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır. ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri ən çox 5 μg/m3 olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava çirkliliyi həddi ilə müqayisədə dünyada çox az ölkə bu həddən aşağı təmiz havaya malikdir. Və hava çirklənməsi dünyada hər doqquz ölümdən birinə və hər il 11 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükə hesab edilir. ÜST-ün hesabatına görə, dünya əhalisinin 92 faizi havanın çirkləndiyi bölgələrdə yaşayır. Hava çirklənməsinin əsas səbəbləri qeyri-effektiv nəqliyyat, tullantıların yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye fəaliyyətidir. Təşkilat dünyanın 3000 ayrı-ayrı bölgəsindən peyk şəkilləri çəkib və hava analizləri götürərək planetin hava təmizliyini əks etdirən interaktiv cədvəlini hazırlayıb. Hesabatda havanın hər 1 kub metrinə düşən zərərli maddələrin mikroqramları (bərk hissəciklərin) təsvir olunur. Havası təmiz hesab edilən ölkələr, ərazilər hesabata əlavə edilən xəritədə yaşıl rəngdə təsvir olunur. Bu ərazilərdə havanın hər kubmetrinə 10 mikroqram zərərli maddə düşür. Sarı rəngə boyanmış regionlar da nisbətən təmiz sayılır, bu bölgələrdə havanın hər kubmetrinə 11-15 mikroqram zərərli orqanizm, narıncı rəngli ərazilərdə bu göstərici 16-25 mikroqram, qırmızı rəngli bölgələrdə 26-35 mikroqram, tünd qırmızı ərazilərdə 36-69 mikroqram və tünd-çəhrayı ərazilərdə isə 70 mikroqramdan çoxdur. Hava kirliliyi bu şəkildə bildirilir.
Ən təmiz, ən çirkli şəhərlər
Təxmin edildiyi kimi ilk sıralarda adətən Skandinaviya, Baltikyanı ölkələr (Estoniya daha çox), İslandiya, İsveç, İsveçrə, Niderland, Kanada dayanır. Havası dözülməz olan, amma əhalinin “dözərək” yaşamağa davam etdiyi ölkələr sırasında isə ilk yerdə Hindistan, Nepal, Çin və cənub-şərqi Asiya ölkələridir. Xatırladaq ki, Hindistan hökuməti bu günlərdə hətta orta məktəblərdə tədrisi dayandıraraq əhaliyə bir neçə gün evdən mümkün qədər çıxmamağı məsləhət görüb. Qardaş Türkiyədə ən çirkli havası olan bölgə İğdır elan edilib. Təmiz havası olanlarsa Trabzon, Giresun, Rize, Gümüşhane, Artvin (Qara dəniz sahili şəhərləri), Çankırı, Bilecikdir. Ölkəmizdə vəziyyət necədir? Qeyd edək ki, hazırda ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev sahibliyi edir. Dünya liderlərinin, dünya miqyaslı siyasətçilər və ictimai xadimlərin bir araya gəldiyi bi mötəbər platformada məhz dünyamızın xilası naminə müzakirələr aparılır. Və Azərbaycan da ev sahibi və ekologiyanın mühafizəsi, atmosfer çirklənməsinin qarşısının alınmasında səylərini getdikcə artıran, alternativ və “yaşıl enerji”yə keçidi təşviq edən dövlət olaraq bu istiqamətdə əməli addımların atılmasında maraqlıdır, hər cür dəstək göstərməyə də hazır olduğunu bəyan edir.
Şuşanın dağları...
Azərbaycan ərazisi interaktiv cədvəldə əsasən narıncı və qırmızı rənglərlə təsvir olunub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağın Dağlıq hissəsi, Qazax-Ağstafa-Goranboy, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın nisbətən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlardır. Şuşa şəhəri isə yeganə yerdir ki, orada havanın təmizliyi maksimal sarı rənglə göstərilir və burada 1 kub metr havaya 11-15 mikroqram zərərli maddə düşür. Şuşanın ən təmiz havalı şəhər olması sirr deyil. Şuşanın relyefi onu ən yüksək zirvəyə yerləşdirib. Şuşa dəniz səviyyəsindən 1368 metr hündürlükdə yerləşir. Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır ki, hündürlüyü 2725 metrdir. Şuşadakı “Xan mağarası” dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşir. İqlimi də əksər ərazilərdə qışı quraq keçən mülayim isti və soyuq iqlim tipidir. Orta temperatur yanvar ayında mənfi 4C-dən mənfi 1C-ə qədər, iyulda isə müsbət 16–19 dərəcəyə çatır. Şuşanın qeybdən gələn havası, iqlimidir şuşalılara – qarabağlılara əsrarəngiz səs, fitri istedad bəxş edən. Təsadüfi deyil ki, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz, igid əsgərlərimiz tərəfindən erməni separatçılarının işğalından azad edildikdən sonra qoruq şəhər elan edildi. Bu, Şuşanın xalqımız üçün, dövlətimiz üçün nə qədər əziz olduğunu və onun təbiətinin, tarixinin, ümumən mühafizəsinin xüsusi önəm daşıdığının göstəricisidir.
Həkim-infeksionist Mərdan Əliyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, təmiz hava havanın hər 1 kubmetrində 10 mikroqamdan az zərərli maddənin olmasıyla ölçülür:
- Belə olduqda o ərazinin havası, atmosferi insanlar üçün müsbət, münbit hava şəraiti deməkdir. Çox təəssüf ki, dünyada bu cür normal, yaşanıla bilən ölkələr və şəhərlər azıq təşkil edir. Səbəb təbii ki, bəllidir. Sənayeləşmə, fabrik, zavodların, avtomobillərin, müxtəlif texnika, iaşə obyektlərinin havaya buraxdığı zərərli qazlar, karbon emissiyalarının miqdarının normadan qat-qat artıq olması. Fikir versək görərik ki, havası nisbətən təmiz sayılan, çünki ideal təmiz havaya malik şəhərlər demək olar, yoxdur, nisbətən təmiz, insan sağlamlığı üçün müəyyən qədər uyğun hesab edilən şəhərlər sənaye obyektlərinin olmadığı və ya az olduğu şəhərlər, ərazilərdir. Yaxud da, sənaye obyektləri, çağdaş zamanın tələbləri daxilində ictimai nəqliyyat, avtomobillərdən istifadə olsa da, ekoloji tarazlığın qorunduğu şəhərlərdir. Bu da yaşıllıqların çox olması, sənaye obyektlərinin, müəssisələrin istehsal zamanı havaya atılan zərərli qazların miqdarını maksimum azaltması, kanserogen tərkibli məhsullardan daha az istifadə etməsinə bağlıdır. Zərərli tullantılar emal edilməmiş, açıq şəkildə təbiətə atılmamalıdır. Niyə deyirlər polietilen paketlər, plastik qablar ziyandır, torpaqda çürüməsi üçün min illər lazımdır, dənizdə isə plastiklər ümumiyyətlə çürümür. Baxın, dənizlər, okeanlar nə vəziyyətə düşüb, dəniz canlıları məhv olur, ekoloji fəlakət yaşanır. Və bunu edən də insanlardır. İnsan özünə zərər vurur, sağlamlığını böyük və geri dönüşü olmayan zərbə altında qoyur. Çirkli hava və bunun nəticəsində keyfiyyətsiz yaşam tərzi, keyfiyyətsiz ərzaqlar ürək-damar xəstəliklərini, infarkt riskini, xərçəng xəstəliyini (tənəffüs yolları, mədə-bağırsaq, ağ ciyər xərçəngi) dəfələrlə artırır. Əslində isə texnologiyanın, süni intellektin bu qədər inkişaf etdiyi bir zamanda zərərli tullantıları minimuma endirmək də şübhəsiz mümkündür. Bunun üçün sadəcə vicdanlı olmaq lazımdır.