Qərbin riyakarlığı: Fransa Ermənistana öldürücü silahlar ötürür

Azərbaycan özü təzyiq siyasəti ilə Ermənistanı silahlandırmadan çəkindirməli, sülhə məcbur etməlidir 

"Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var: “Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Fransa tərəfindən verilmir”. H.Hacıyev vurğulayıb ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və bu ölkəyə hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır. O qeyd edib ki, bu məsələ beynəlxalq təcrübəyə əsaslanır: "Beynəlxalq münasibətlərdə işğalçı və təcavüzkar dövlətlərin ilk növbədə hərbi quruculuq və hərbi planları, habelə ordu quruculuğu prosesi istiqamətində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu, istər İkinci Dünya müharibəsindən, xüsusilə də İraqla Küveyt arasındakı müharibədən sonra İraqa münasibətdə tətbiq olunan məhdudiyyətlərdə özünü göstərib. Biz də hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və Ermənistana hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır". 

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Fransa, Hindistan, Yunanıstan və başqa ölkələrin Ermənistanı silahlandırmasında İrəvan hökuməti özü də maraqlıdır. Ekspertin fikrincə, bu da Ermənistanın revanş düşüncədə olmasından xəbər verir: 
"Ermənistan tərəfi silahlanmanı öz daxili işləri kimi qələmə verir və təhlükəsizlik məqsədilə etdiklərini deyirlər. Guya, Azərbaycanın aqressiyasından, hücumetmə ehtimalından özlərini qoruyurlar. Bakını da silahlanmada ittiham edirlər. İstənilən halda Ermənistanın silahlanması yaxşı heç nə vəd etmir. Əlbəttə, H.Hacıyevin vurğuladığı kimi, adətən təcavüzkar, işğalçı ölkələrdə hərbi quruculuğa məhdudiyyət qoyulur, silahlanmanın qarşısı beynəlxalq öhdəliklə alınır. Hətta sanksiyalar da tətbiq edirlər. Amma əfsuslar olsun ki, himayə etdikləri vassal ölkələrə qarşı bunu etmirlər. Xüsusən, xristian ölkəsi hansısa müsəlman ölkəyə hərbi təcavüz edibsə, o halda da həmin dövlətə məhdudiyyət tətbiq olunmur. Məsələn, Səddam Hüseynin rəhbərlik etdiyi İraq məğlub olandan sonra bu ölkəyə sərbəst silahlanma imkanı verilmir. İraq hələ də nəzarətdədir". 

Ə.Məmmədli vurğulayıb ki, İsrailə də eyni münasibətdir: 
"Halbuki İsrail Qəzza və Livanda törətdikləri cinayətlərə, qətliamlara, savaş suçlarına görə heç də Putin Rusiyanın Ukrayna ilə müharibəsindən geri qalmır. Buna rəğmən, İsrail heç bir təzyiqə, sanksiyaya məruz qalmır, əksinə, hərtərəfli dəstək verilir. Ermənistana yanaşma da belədir, İrəvana "yaşıl işıq"dır. Bu da Qərbin növbəti riyakarlığıdır, ikili standartlarıdır. O baxımdan Azərbaycan özü təzyiq siyasəti ilə Ermənistanı silahlandırmadan çəkindirməli, sülhə məcbur etməlidir. İrəvana güc yolu ilə təzyiq göstərilməlidir. İndiyədək Ermənistanı nəyəsə razı salmışıqsa, buna hərbi güc tətbiq etməklə nail olmuşuq. Ermənistanla danışıqlar yolu ilə nəyəsə nail olmaq imkansızdır. Bizim də başqa yolumuz qalmır. Əks halda sonradan siyasi reallıqlar və güc balansı dəyişə bilər ki, bizim üçün də çətin olar".