- “Braziliya karnavalının Azərbaycan versiyasını da gözləyək?”
Paytaxt küçələrində, xüsusən “Torqovı” adıyla məşhur “Nizami” küçəsində şənbə günü eybəcər, qorxunc görünüşlü insanların “paradı” sosial şəbəkələrdə hələ də müzakirə edilir. Problem budur ki, yenə də bir çoxları şəxsi düşüncəsindən, şəxsi mövqeyindən, şəxsi istəklərindən çıxış edir.
Ümumi mövqe bildirənlər çox azdır. “Halloven”i az qala milli bayram səviyyəsində görənlər, “burada nə var ki, uşaqlar əylənir”, “sadəcə 1 gündür, qoy bayram etsinlər” deyənləri qorxunc geyimlər, qəddarlıq, əzazillik, uşaqların kəsici alətlərlə “silahlanması”, “Ölməz Kaşşey” və ya uşaq qatili obrazına bürünmüş adamların nə qədər ziyanlı, zərərli olduğunu həqqətənmi anlamır, yoxsa anlamaq istəmir? Bu “bayram” haradan gəlib, necə bizim məişətimizə daxil olub, bunu da bilmək həvəsində deyillər. Daha betəri budur ki, “Halloven”i tənqid edənlərə Novruz bayramının personajları olan Keçəl və Kosanı misal çəkməklə manipulyativ müqayisə aparırlar. Bu, “Halloven”in cadı, iblis, şeytan, qorxunc obrazları ilə konkret fəsilləri təmsil edən xalq yaradıcılığı obrazlarını süni şəkildə qarşı-qarşıya gətirmək, tamamilə fərqli fəlsəfəsi və funksiyası olan obyektləri məqsədli şəkildə eyni tərəziyə qoymaqdır. Hansı ağlın, düşüncə tərzinin sahibi olmalısan ki Novruz kimi ümummilli bayramın obrazlarını “Halloven”in qaniçən obrazları ilə müqayisə edəsən, paralellər aparasan. İllərdir uşaq və yeniyetmələrin aqressiv davranışlarının səbəbləri araşdırılır, ailə, məktəb mühitindəki çatışmazlıqlar tədqiq edilir, müxtəlif sosial platformalarda yayılan zorakı məzmunlara çıxışın bloklanması təklif edilir, amma orta məktəblərdə, şəhərin mərkəzi küçələrində eybəcər hala salınmış uşaqlar və özünü eybəcər hala salmış gənclər “bayram” edir. Nəyi bayram edirlər, nədir bu “bayramın” fəlsəfəsi, daşıdığı məna, mahiyyət, hansı mesajları ötürür cəmiyyətə? Baş kəsmək, insan, uşaq qatili olmaq, başqalarını qorxutmaq, cadügərlik etməyi? Hər hansı bir davranışın mahiyyəti olmalıdır. Bayramların da daşıdğı məna, mahiyyət, məqsəd var. “Halloven”in mənası, mahiyyəti bilinmir, amma məqsəd bəllidir: zorakılığın təbliği!

Ədəbi dil üzrə mütəxəssis, ictimai xadim Dürdanə Ramazanlı Sherg.az-a açıqlamasında “Hellouin” bayramının tarixi kökləri barədə danışıb:
“Bakının mərkəzi küçələrində Hellouin bayramının böyük coşqu ilə qeyd edilməsi məndə bir qədər qəribə hisslər yaratdı. Hiss olunurdu ki, bu “bayramın” belə geniş miqyasda keçirilməsinə “yaşıl işıq” yandıranlar var. Heç bir estetik dəyəri olmayan, yeniyetmələrin şüuraltına sadəcə aqressiya və şiddət aşılayan bu Hellouin “sevgisi” birdən-birə haradan yarandı? Bunun arxasında hansı məqsədlər dayanır, cəmiyyətə ötürdüyü mesaj nədir? Bu suallar üzərində düşünürəm.
Vallah, bu gün-sabah küçələrdə Braziliya karnavalının Azərbaycan versiyası keçirilsə, əsla təəccüblənmərəm. Belə mənasız və zövqsüz əyləncələrin arxasınca qaçmaqdansa, kaş ki, Qərbin müsbət dəyərlərini mənimsəməyi qarşımıza məqsəd qoya biləydik.
Hellouinə gəlincə, onun tarixi kökləri təxminən 4-6 min il əvvələ gedib çıxır. Bu bayram məhsul yığımının başa çatması və Yeni ilin gəlişi ilə əlaqələndirilir. Tarixdə belə olub ki, keltlər qorxulu geyimlər geyinərək ölənlərin ruhlarını qorxudublar ki, geri qayıdıb onların rahatlığını, məhsulunu və sevincini əllərindən almasınlar.
Amerikada irlandiyalı miqrantlardan biri bu adəti tətbiq edib. Elə həmin vaxt hansısa milyarderin burnuna pul qoxusu gəlib və düşünüb ki, bu ənənədən yaxşı qazanc əldə etmək olar. Bayrama müxtəlif əlavələr edilib: çoxlu konfet, banan yemək və sair. Təkcə ötən il ABŞ sakinləri Hellouin geyimlərinə 6,9 milyard dollar xərcləyiblər. Konfetə 2 milyard, banana isə 3 milyard dollar sərf olunub. Hələ evlərin dekorasiyası, balqabaq əkin sahələrinin genişləndirilməsi də var.
Bizdə də intellektual sahibkarların ağlına belə bir ideya gələ bilər ki, nağıllarımızdakı əjdahadan, divdən, cindən, yaxud Qara Vəzirdən pul qazansınlar. Mənfi nağıl qəhrəmanlarımız çoxdur, hansını istəyirsiniz, seçin. Amma nağıllarımızın sonu həmişə müsbət qəhrəmanların qələbəsi ilə bitir. Nağıllarımızın ötürdüyü əsas mesaj budur: cəsarətli, doğru insanlar əziyyət çəksələr də, sonda qalib gəlirlər. Ədalət və həqiqət zəfər çalır”.