Dərsliklərlə bağlı növbəti qalmaqal - Rafiq İsmayılov plagiat ittihamlarına cavab verdi

  • Böhtançılar əlbir olub “bazar söhbəti” açıblar
  • “Orijinal əsəri ortaya qoysunlar!”

Orta ümumtəhsil məktəbləri üçün hazırlanan bəzi dərsliklərdəki hekayə və mətnlərin plagiat olduğu iddia edilir. Bir sıra ziyalılar -yazıçı-publisist Şərif Ağayar, şair və yazıçı Səhər Əhməd, Nurlanə İşıq (Məmmədli) dərslik müəllifi, filologiya üzrə fəlsəfə doktoru, “Altun Kitab” Nəşriyyatının direktoru Rafiq İsmayılovu plagiatda ittiham ediblər.

Sherg.az-a açıqlamasında R. İsmayılov plagiat iddialarının əsassız olduğunu bildirib.

“Son günlər bir neçə yazar məni plagiatda ittiham edərək odlu-alovlu çıxışlar edir. Qəşəm Nəcəfzadəni başa düşürəm, şeirləri dərsliyə düşməyib deyə mənə düşmən kəsilib. Amma Şərif Ağayar, Səhər Əhməd, Nurlanə Məmmədli... Bunlara nə düşüb ki, böhtan yağdırırlar? Əsasları varmı?

Nurlanə Məmmədli (İşıq) iddia edir ki, metodik vəsaitdə dinləmə mətni kimi verilmiş “Şar” hekayəsi onun qələminə məxsusdur. Xanım, yəqin ki, bilmir (bəlkə də bilir) ki, bu hekayənin müəllifi türk yazarı Cüneyd Suavidir. Hekayə ilk dəfə 1991-ci ildə “Zafer Dergisi”ndə “Balon” adı ilə dərc olunub. (Linkini şərhlər bölməsində paylaşıram). Azərbaycan dilində isə bu əsər ilk dəfə 2013-cü ildə türk dilindən tərcümə edilərək “Azərbaycan dili” dərsliyində verilib. O vaxt Nurlanə xanım hələ yazıçılığa başlamamışdı.

Səhər Əhməd isə dərslik müəlliflərini rus yazıçısı Valentina Oseyevanın müəlliflik hüquqlarını pozmaqda ittiham edir. Bildirir ki, “Sehrli söz” hekayəsində əsas obrazın – Pavlikin adı dəyişdirilərək Pərviz kimi verilib. Xanım hekayəni sona qədər oxusaydı, mətnin altında “Valentina Oseyevanın eyniadlı hekayəsi əsasında” qeydini görərdi. Yəni heç kim rus yazıçısının müəlliflik hüququna qəsd etməyib. Hekayə qəhrəmanının adının milliləşdirilməsi isə yaş qrupunun tələblərindən irəli gəlir. Altı-yeddi yaşlı uşaq dinlədiyi mətndə əcnəbi adları yadda saxlamaqda və onları tələffüz etməkdə çətinlik çəkir. Əgər bu, plagiat olsaydı, Karlo Kollodinin “Pinokio” əsərini “Buratino” ilə əvəz edən Aleksey Tolstoy ədəbiyyat tarixində ən böyük plagiator sayılardı.

Şərif Ağayar isə 5-ci sinif dərsliyində verilmiş “Bilirdim ki, gələcəksən” mətninin plagiat olduğunu iddia edir. Amma “orijinal” əsərin kimə məxsus olduğunu demir. Hekayədəki əsas epizodla bağlı əhvalat 2000-ci illərin ortalarından sosial şəbəkələrdə və məqalələrdə müxtəlif kontekstlərdə yer alıb. Norman Vuds 1984-cü ildə dərc etdiyi məqalədə bu əhvalatı Birinci Dünya müharibəsi ilə əlaqələndirir. Mustafa Tutkun 2010-cu ildə yazdığı essedə həmin hadisənin Çanaqqala döyüşündə baş verdiyini bildirir. Başqa bir mənbədə isə Əfqanıstan müharibəsi xatırlanır.

Esse və motivasiya xarakterli yazılarda müəlliflər öz fikirlərini oxucuya daha təsirli çatdırmaq üçün bu əhvalatdan istifadə ediblər. Başqa sözlə, bu süjetə heç bir xarici mənbədə müstəqil bədii əsər kimi rast gəlinmir. “Bilirdim ki, gələcəksən” mətnində isə hadisə Qarabağ müharibəsinə köçürülüb və bitkin bədii əsər formasına salınıb.

Buna görə məni kim ittiham edirsə, buyursun, məhkəməyə versin. Mənim danılmaz faktlara müraciət etməyim təsadüfi deyil. Böhtançılar əlbir olub “bazar söhbəti” açıblar. “Plagiat” deyib dururlar, süni intellektdən, sosial şəbəkələrdən fraqmentlər paylaşırlar, amma heç kim “köçürdüyümüz” əsərin “orijinalını” tapıb ortaya qoymur.

“Gəzəyən” süjetlərin, müəllifi olmayan həyat hekayələrinin bədii əsər kimi qələmə alınması geniş yayılmış təcrübədir. Hətta eyni süjetin müxtəlif müəlliflər tərəfindən bədii interpretasiyasına da misallar çəkmək olar. Bu, plagiat sayılsaydı, ədəbiyyatşünaslar Füzulini və onlarla başqa şairi Nizamidən “Leyli və Məcnun”u oğurlamaqda ittiham edərdilər”.

R. İsmayılov dərslik müəllifi olduğunu, lakin dərsliklərdəki mətnlərin müəllifi olmaq kimi bir həvəsinin və iddiasının olmadığını da bildirib:

“Dərslik üçün mətn seçərkən əsərlərə 7 yaşlı, 10 yaşlı, 12 yaşlı uşağın gözü ilə baxıram və dil tədrisi üzrə məzmun standartlarından çıxış edirəm. Bəs onlar necə, hörmətli xanım və cənab yazarlar, əsər yazarkən yaş qrupunu, müasir uşağın psixologiyasını, maraq dairəsini nəzərə alırlarmı? Tədris prosesini gözlərinin qabağına gətirirlərmi? Əminəm ki, sadəcə, təxəyyüllərində olanları kağız üzərinə köçürürlər.

Odur ki, yaradıcılıqla məşğul olsunlar, gözəl əsərləri ilə ədəbiyyatımızı zənginləşdirsinlər. Amma bilmədikləri işlərə baş qoşmasınlar. Baş qoşmaq istəyirlərsə, əvvəlcə problemi dərindən araşdırsınlar. Müəlliflik hüququnun pozulması ağır ittihamdır, həm maddi, həm də mənəvi tərəfləri var. Bu məsələ həm Mülki, həm də Cinayət məcəllələri ilə tənzimlənir. Əgər bu ittihamla çıxış edirlərsə, məhkəmədə mövqelərini müdafiə etməyə hazır olsunlar”.