Paylanın açıqlaması təəccüblü deyil: İrəvan, doğrudan da, müharibəyə hazırlaşır

Ermənistanın güclənməsi və yenidən revanş müharibənin alovlandırılması gözlənilən, proqnozlaşdırılandır

Erməni əsilli sabiq deputat Qaro Paylan Ermənistanda verdiyi açıqlamada Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsini qəbul etmədiklərini bildirib. O, Ermənistanın Bakıya sülh əli uzatmasının yalnız vaxt qazanmaq üçün bir taktika olduğunu və revanş üçün 3-5 il lazım gəldiyini açıq şəkildə bəyan edib. Türkiyədə doğulan və burada siyasi karyera quran Paylanın belə açıqlamalar verməsi Türkiyə və Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar da sərt reaksiya verib. O, Qaro Paylanın Türkiyədə yaşamasına və burada siyasi fəaliyyət göstərməsinə baxmayaraq, daim Türkiyə və türk dünyasının əleyhinə iş apardığını bildirib. Attar, Paylanın Ermənistanın keçmiş Prezidenti, Xocalı soyqırımında əli olan Serj Sarkisyan tərəfindən medalla təltif edildiyini xatırladaraq, onun Ermənistanın maraqlarına xidmət etdiyini vurğulayıb. Qaro Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə işlətdiyi ifadələr qəbuledilməzdir. Onun bu açıqlamaları Ermənistanın sülhə yönələn siyasətinin nə dərəcədə səmimi olduğunu bir daha sual altına qoyur. Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının deputatı Hakob Aslanyan da daha əvvəl bildirmişdi ki, Ermənistana “belini düzəltmək” üçün 1-1,5 il vaxt lazımdır və bundan sonra “türklərlə başqa cür danışacaqlar”. Aydın məsələdir ki, Ermənistan daxilində və xaricdəki erməni diasporu revanşist mövqedən çıxış edir. Fransa, ABŞ və Rusiyadakı erməni lobbisi də Azərbaycanın tarixi qələbəsini qəbul etməyə bilmir və Ermənistanı yeni qarşıdurmaya təhrik edir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmasını, ölkə daxilində revanşist qüvvələrin gücləndiyini və onların qarşısının qətiyyətlə alınacağını bəyan edib. Əliyev erməni revanşistlərini faşist adlandırıb və Azərbaycan dövləti bu cür təxribatların qarşısını almaq üçün bütün tədbirləri görəcəyini bildirib. Azərbaycan və Türkiyə ictimaiyyəti Qaro Paylanın açıqlamalarını Ermənistanın gələcək niyyətlərini açıq şəkildə ortaya qoyan bir siqnal kimi qiymətləndirir. Belə bəyanatlar Cənubi Qafqazda sülh və sabitliyə xidmət etmədiyi kimi, bölgədə yeni təhlükəsizlik risklərini artırır. Paylan marionetkadır və ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirir. Onun sözləri ümumi bir planı göstərir - vaxt qazanmaq, silah toplamaq, güc yığmaq və müharibəyə hazırlaşmaq.. Nikol Paşinyan Bayden administrasiyasına və Fransaya güvənirdi, indi yeganə ümidi Makrondur. 

Paylan Türkiyədə terroru dəstəkləyən şəxslərdəndir

Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Qaro Paylan dəfələrlə Türkiyədə mövcud olan terror təşkilatlarını dəstəkləyib və daim terror təşkilatlarını dəstəkləyən siyasi təşkilatlanmalarla birgə olduğunu nümayiş etdirib. Deputatın sözlərinə görə, Paylan zaman-zaman Türkiyənin cənub-şərqində, o cümlədən Suriyada baş verən hadisələr zamanı terrorçuları dəstəkləyən mövqe sərgiləyib:
"Ona görə də Paylanın bu açıqlaması, əslində, heç kəsdə təəccüb doğurmamalıdır. Bunun iddialarının kökündə separatçı və terrorçu təfəkkür dayanır. Çox təəssüf ki, Türkiyədə bu gün bəzi təşkilatlar da terroru dəstəkləyirlər. Hətta bəzi seçilmiş bələdiyyələr belə terrora açıq dəstək verdiklərinə görə vəzifələrindən uzaqlaşdırılır, həbs edilirlər. Paylan da həmin kateqoriyaya aiddir. Paylan və onun kimiləri Türkiyədə də terroru təşkilatlandıran şəxslərdəndir, yəni eyni mərkəzdən idarə olunurlar. Azərbaycan öz torpaqları üzərində gec-tez öz yurisdiksiyasını bərpa etməli idi. Kimin bunu qəbul edib-etməməsi onun problemidir. Ancaq Ermənistanın bununla barışmaması fikri həqiqətdir. Doğrudan da, Ermənistan bunu həzm etmir, qəbul etmir. Təkcə Ermənistan yox, onu dəstəkləyən qüvvələr də bunu qəbul etmirlər. Məsələn, Fransa, Avropadakı bəzi təşkilatlar, yaxın qonşularımız da bunu qəbul etmirlər. Ona görə də Ermənistanın güclənməsi və yenidən revanş müharibəsi alovlandırılması gözlənilən, proqnozlaşdırılandır".

Parlament üzvü əlavə edib ki, bir müddət əvvəl N.Paşinyan da demişdi ki, gücləndikdən sonra iddialarını ortaya qoyacaqlar: 
"Keçmiş terrorçu S.Ohanyan da bunu bəyan edib. Əgər Paylan da bənzər iddiaları səsləndirirsə, deməli, dünya erməniçiliyində belə əhvali-ruhiyyə var. Ermənistan, doğrudan da, müharibəyə hazırlaşır. Təsadüfi deyil ki, son 3 ildə Hindistanın silah alıcıları arasında Ermənistan üçlükdə yer alır. Bəlkə də, bu reallığın qəbul edilməsi üçün üçüncü Qarabağ savaşı qaçılmaz olacaq. Əminəm ki, ondan sonra yaranan reallıq Ermənistan dövlətinin sonunu gətirəcək".