Əliqanlı Rusiya: Azərbaycan təyyarəsinin vurulduğu isbatlanıb

Hadisə Rusiya ərazisində baş verdiyi üçün bütün proseslər haqqında Rusiya tərəfində məlumatlar olub

Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-a məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasına dair araşdırmanın ilkin hesabatını dərc etməsi hadisə ilə bağlı müzakirələri yenidən başladıb. Ələlxüsus, Rusiyanın bəzi media qurumları, ekspert dairələri növbəti dəfə Azərbaycanı hədəf alıblar. Onlar təyyarənin Rusiya hava məkanında qəsdən vurulmadığını, ümumiyyətlə, heç bir zərbə almadığını isbat etmək üçün dəridən-qabıqdan çıxır, absur iddialarla çıxış edirlər. Halbuki, Qazaxıstan tərəfinin yaydığı hesabatda göstərilib ki, Aktau Hava Limanı yaxınlığında qəzaya uğrayan təyyarənin korpusuna ilkin baxış zamanı ekspertlər tərəfindən çoxsaylı dəliklər, həmçinin yad metal əşyalar aşkar edilib. Vurğulanıb ki, İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir: "İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı dəlik və dəliksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir". Bildirilib ki, AZAL-ın təyyarəsi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Həmçinin, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. "Röyters" agentliyi də təyyarənin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğunu yazıb. Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub: "Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var". 
Azərbaycan Hava Yollarına məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür. Rusiya tərəfi bununla “Malayziya Boing-2” vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir. Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kover” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Buradan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Kover” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib. Ancaq bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil. Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a vurğulayıb ki, təyyarə faciəsindən müəyyən zaman keçsə də, o ağrının izləri insanların yaddaşından, ürəyindən silinməyib. Deputatın sözlərinə görə, Azərbaycan ictimaiyyəti ilkin nəticələri gözləyirdi: 
"Açıqlanan ilkin nəticələr də Azərbaycan tərəfinin, bizim mütəxəssislərin ilkin açıqladığı mülahizələrdən qətiyyən fərqlənmir. Azərbaycan tərəfi baş verən hadisə ilə bağlı hansı mövqeyi açıqlamışdısa, ilkin nəticə tam dəqiqliklə olmasa da, mahiyyət etibarı ilə təyyarə qəzasının kənar müdaxilələr nəticəsində baş verdiyini sübuta yetirir. Böyük faciədir. Bu faciəyə münasibətdə ölkəmiz məhz özünün etik davranışlarına uyğun qarşılıqlı davranış gözləyirdi. İndiki şəraitdə ortalıqda olan faktlar Azərbaycan təyyarəsinə kənardan müdaxilə olunduğunu, yəni vurulduğunu faktiki isbatlayır. Açıqlanan digər məlumatlar da var. Ekipajın danışıqları, müzakirələr pilotların peşəkar davranışını, faktiki olaraq insanların həyatını qurtarmaq üçün hər şeyi etdiklərini göstərir. Bununla paralel digər tərəfin də qeyri-peşəkar davranışları da ortadadır. Düşünürəm ki, istintaqın yekun nəticəsində konkret qərarın verilməsinə və hadisədə günahı olan şəxslərin cəzalandırılmasına imkan yaradacaq". 

Parlamentari qeyd edib ki, ötən zaman kəsiyində faktların ortalıqda olmasına, insan faciəsi yaşanmasına baxmayaraq, təəssüflər olsun ki, Rusiyanın bəzi media resursları, erməni media qrupları, simonyanlar Azərbaycanla bağlı yanlış məlumatları rus cəmiyyətinə ötürməyə çalışırlar:
 "Bu yanaşma mahiyyət etibarı ilə Rusiya-Azərbaycan arasında imzalanmış strateji müttəfiqlik haqqında bəyannamənin prinsiplərinə uyğun gəlmir. Eyni zamanda Bakı-Moskva arasında əlaqələrin fəlsəfəsinə və Azərbaycanın adekvat hadisələr zamanı atdığı addımlara ziddir. Azərbaycan hərbi şəraitdə, müharibənin davam etdiyi zaman kəsiyində Ermənistan hərbi kolonunu müşayiət edən, əslində, müharibə prosesinin iştirakçısı olan helikopterin vurulmasından sonra bütün ödənişləri öz üzərinə götürdü, lazımi addımları atdı. Əslində, bu, bir dövlət ərkanı, ədəbi, etikasıdır, dövlətçilik mədəniyyətidir". 

Milli Məclisin üzvü əlavə edib ki, Rusiya dövlət başçısının üzrxahlığı və rus mediasında Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması burada ikili yanaşmanın olduğunu göz önünə qoyur: 
"Əslində, üzrxahlıqla məsələ bitmir, proses davam etdirilməlidir. Rusiyalı mütəxəssislər də, əslində, baş verənlərin mahiyyətini çox yaxşı bilirdilər. Araşdırmalara ehtiyac olmadan da, hadisə Rusiya ərazisində baş verdiyi üçün bütün proseslər haqqında Rusiya tərəfində məlumat var idi. İlkin tədqiqatlardan sonra müvafiq addımlar atmaq olardı. Ən azından dövlət əxlaqı çərçivəsində ortaya bir davranış qoyulmalı idi. Təzminatın ödənilməsi istiqamətində addımlar atılmalıydı. Burada çoxsaylı komponentlər var. Rusiya mediasında ölkəmizə qarşı aparılan kampaniya təzyiq xarakteri daşıyır. Şantaj xarakterli addımlarla düşünürlər ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkiləcək və bu məsələ unudulacaq. Azərbaycan haqq-ədalətin yanındadır və heç bir qarayaxma kampaniyası dövlətimizi bu yoldan çəkindirə bilməz. Hər kəs buna əmin olsun".