Zelenski təkcə özünün yox, özündən əvvəlkilərin də faciəsini yaşayır
Qələbəni Rusiyanı bu savaşa cəlb edən, Ukraynanı isə plasdarma çevirənlər qazandı
"Ukraynasız müharibəni bitirmək mümkün deyil. Əgər ABŞ Ukraynasız Rusiya ilə razılığa gəlsə, o zaman Kiyevin təsdiqləmədiyi sövdələşmə uğurlu olmayacaq". Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib. Zelenski bildirib ki, Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacaq: "Müharibənin Ukraynasız, qurbansız başa çatması mümkün deyil. Əgər Amerika - mən buna inanmıram, amma hər şey ola bilər - bizsiz ruslarla bizim haqqımızda razılığa gəlsə və bu müqavilənin şərtlərini biz təsdiq etməsək, bu razılaşma uğurlu olmayacaq". Zelenski əlavə edib ki, Trampın Rusiya diktatoru Vladimir Putinlə görüşündən öncə ABŞ prezidenti ilə görüşmək istərdi: “Əgər Tramp birinci Putinlə görüşsə, Amerika xalqı bunu başa düşməyəcək”. Zelenski onu da əlavə edib ki, Ukraynada sülh naminə və ya NATO-ya üzvlük qarşılığında postunu tərk etməyə hazırdır: "İstəyirəm ki, Tramp müharibəni tez bitirsin!". Ukrayna rəhbəri Rusiya ilə əsirlərin mübadiləsinə hazır olduqlarını da açıqlayıb: "Ukrayna Rusiya ilə əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsinə hazırdır". O, həmçinin Rusiya ilə danışıqların perspektivlərini də dəyərləndirib: “Rusiya bütün əsirlərimizi azad etməlidir. Biz onların “hamının-hamıya” prinsipi ilə mübadiləsinə hazırıq. Ukrayna, Avropa və ABŞ danışıqlarda Rusiyanın qarşısında oturmalıdır. Bu ona görə lazımdır ki, sülhün vacibliyi təkcə normallaşma, münasibətlərin yenidən başlanması və barışıq haqqında söhbətlərlə məhdudlaşmasın. Kimsə bu müharibədə Rusiyanın müttəfiqi ola və ya savaş üzərindən gəlir əldə edə bilər. Lakin o, heç bir şəkildə hörmət görməyəcək. Ukrayna sülhə yalnız güc və müdriklik hesabına nail olmalıdır. Rusiyaya etibar yoxdur”.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, hansısa filmdə "prezident" obrazını canlandırmaq ayrı, həqiqi prezident olmaq isə tamam başqadır. Deputatın sözlərinə görə, Ukrayna Prezidenti V.Zelenskinin üzləşdiyi indiki reallıq onun nə vaxtsa filmlərdə oynadığı adam olmadığını anlamamasından irəli gəlir:
"Bu gün Zelenskiyə qarşı Qərbin, ABŞ-nin münasibəti də bizi təəccübləndirmir. Çünki belə davranış, münasibət çox olub. Cənab Zelenskiyə qarşı bu davranış dəfələrlə sərgilənib. Məni ən çox ağrıdan Ukrayna xalqının düşdüyü vəziyyətdir. Onların halına acımaq lazımdır. Əfsuslar olsun ki, Ukrayna müstəqillik əldə edəndən üzü bəri bu ölkəyə yüksək liderlik keyfiyyəti olan şəxslər rəhbərlik etməyib. Zelenski təkcə özünün yox, özündən əvvəlkilərin də faciəsini yaşayır. Trampın son açıqlamaları göstərir ki, o, sadəcə ticarətçi, biznes adamı yox, həm də qisasçıdır. Ağ Ev rəhbəri sadəcə Zelenski barəsində bu fikirləri söyləmir, seçkilər zamanı onu açıq dəstəkləməyən Avropa liderlərini də aşağılayır. Bu, aşkar qisasçılıqdır. Trampın "Ukrayna NATO üzvü ola bilməz" açıqlaması tənqid olunur, amma əslində, buna görə ona təşəkkür düşür. Ukrayna məhz NATO-ya üzvlük vədinin badına getdi. NATO-ya üzvlük vədi altında Ukraynanı plasdarma çevirdilər, Rusiyanı savaşa çəlb etdilər. 2004-cü ildən üzü bəri ABŞ rəhbərliyi deyirdi ki, Ukrayna gec-tez NATO-ya üzv olmalıdır və olacaq. Almaniya və Fransa isə deyirdilər ki, xeyr, Ukrayna hərbi alyansa üzv olmayacaq. Bu, bir tərəfdən Rusiyanı savaşa sövq etmək idi, digər yandan həvəsləndirmək idi. Məgər o zaman ABŞ Almaniya və başqa ölkələri Ukraynanın NATO-ya üzvlük məsələsində razı sala bilməzdimi? Bunun üçün ABŞ-nin əlində yetərli təzyiq imkanları var idi. Bunu ona görə deyirəm ki, indiyədək ABŞ prezidentləri arasında sadəcə Trampdır ki, ilk dəfə səmimi deyir ki, Ukrayna NATO üzvü olmayacaq. Açıq şəkildə bunu ortaya qoyur".
Parlamentari qeyd edib ki, 2023-cü ilin aprelində ABŞ-nin xarici siyasət şurasının başında duran şəxs Rusiya XİN başçısı S.Lavrovla görüş keçirtmişdi:
"O zaman da ABŞ-Rusiya danışıqlarının başlanması müzakirə olunurdu və bu danışıqlar Ukraynanın başı üzərindən aparılacaqdı. Tramp sadəcə özünəxas şəkildə bu məsələyə bir qədər şou qatıb. Ona görə belə vəziyyət yaranıb. Əslində isə ABŞ-nin keçmiş administrasiyası ilə indiki hökuməti arasında Ukrayna ilə bağlı mövqeyində elə də fərq yoxdur. Məsələ ondadır ki, Avropada, Macarıstan, Slovakiya kimi bəzi ölkələr Ukrayna ilə bağlı fərqli mövqedədir və bunu hər zaman dilə gətiriblər. Ancaq Böyük Britaniya ilə ABŞ bu məsələdə sinxron hərəkət etmir. Ona görə hesab edilir ki, Avropa prosesə müdaxilə edə bilər. Ümumiyyətlə isə düşünürəm ki, danışıqların və anlaşmanın nəylə nəticələnməyindən asılı olmayaraq Ukrayna qədər, bəlkə ondan da çox Rusiya üçün də məğlubiyyət deməkdir. Burada qələbədən söhbət getmir. Qələbəni Rusiyanı bu savaşa cəlb edən, Ukraynanı isə plasdarma çevirənlər qazandı".