Bundan sonra 4 kəndimizlə bağlı problem yoluna qoyulacaq
Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində Ermənistanın Tavuş vilayətindəki bəzi ərazilərdə minatəmizləmə işləri aparılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, bu səbəbdən 8-10 aprel tarixlərində sərhəddəki bəzi bölgələrdə partlayış səsləri eşidilib. Nazirlik əhalini təşvişə düşməməyə çağırıb. Tavuş vilayətinin Açarkut icmasının keçmiş üzvü Karen Qazaryan da deyib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən sərhədin demarkasiya və delimitasiya prosesi üçün hazırlıq başlayıb. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə edilməyə razılaşmaya əsasən sərhədin delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsinin Gürcüstanla sərhəddən İrana kimi aparılması nəzərdə tutulub. Aprel ayı ərzində növbəti işlərin həyata keçiriləcəyi bildirilir. Minalardan təmizlənən ərazilərin proses çərçivəsində Azərbaycana təhvil veriləcəyi də iddialar sırasındadır.
Siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl "Sherg.az"a deyib ki, bu il yanvarın 16-da sərhəd komissiyaları arasında görüş keçirildi və delimitasiya, demarkasiya prosesinin şimaldan-cənuba doğru davam etdirilməsi yönündə razılıq əldə olundu. Ekspert vurğulayıb ki, mövsümlə əlaqədar proses bir qədər ləngiyə bilər:
"Açığını deyək ki, prosesin ləngiməsi birbaşa Ermənistanla bağlıdır. Ötən ilin aprelin 19-da 4 kənd Azərbaycana qaytarıldı və 12.7 km.lik ərazi Azərbaycan Sərhəd Xidmətinin ixtiyarına verildi. Demək olar ki, Avropa İttifaqının "mülki missiyası" həmin bölgəyə 1-2 dəfə baş çəkib, bütövlükdə orada nəzarət-monitorinq həyata keçirilmir. Bu, o deməkdir ki, sülh üçün ən mühüm məsələ delimitasiya və demarkasiya işlərinin görülməsidir. 4 kəndimizin bizə qaytarılmasından danışarkən onu da qeyd edək ki, beynəlxalq hüquqa və Almatı deklarasiyasına, 1976-cı ilin xəritələrinə görə, Ermənistanın bir kəndi də bizim nəzarətimizdədir. Bu məsələlər həll olunmalıdır. Amma bu, növbəti mərhələdir. Söhbət Qazax rayonu istiqamətindəki kəndlərimizin - Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvan istiqamətindəki Kərki kəndinin, Gədəbəydəki Başkənd məsələsinin həllindən gedir. Delimitasiya və demarkasiya işlərinin böyük hissəsi görüləndən sonra paralel olaraq bu məsələ də çözüləcək".
İ.İsmayıl vurğulayıb ki, əsas odur ki, iki dövlət arasında sərhəd xətti müəyyənləşdirilsin və demarkasiya olunsun:
"Bu, ilk növbədə sülhə xidmət edir. Müəyyən iddialar var, 500-600 metr geri çəkilmə ehtimalından söhbət gedir. Sözügedən ərazilər Azərbaycana veriləcəkmi? Ola bilsin ki, verildi. Əgər 1976-cı ilin xəritəsinə əsasən 500-600 metr məsafəlik ərazi bizim nəzarətimizdə olubsa, bizə verilməlidir. Demarkasiya işləri uzun çəkən prosesdir. Hətta aralarında gərginlik olmayan dövlətlər arasında belə demarkasiya prosesi illərlə davam edir. Əvvəlcə dövlət sərhəd xətti demarkasiya olunur, sonra 4 kəndimizlə bağlı problem yoluna qoyulur. Söhbət anklav kəndlərdən gedir. Həmin ərazilərə getmək üçün ya təhlükəsizlik dəhlizi yaradılmalıdır, ya da digər variantlar nəzərdən keçirilməlidir. Beynəlxalq təcrübələrdə belə hallar olub. Ona görə də əvvəlcə demarkasiya işləri görülməlidir. Demarkasiya işləri görülərkən paralel olaraq sərhədin məhz anklavlar kəndlərdən keçməsi tərəflərin maraqlarına, perspektiv təhlükəsizliyinə xidmət etmir. Əvvəlcə dövlət sərhədi tam müəyyənləşməlidir".
Siyasi şərhçi bu prosesin təxribatsız ötüşməyəcəyi qənaətindədir:
"Azərbaycan rəhbərliyi hər zaman vurğulayıb ki, demarkasiya işlərində üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. İki tərəf özü vasitəçisiz olaraq məsələni həll etməlidir. Ancaq Rusiya XİN-dən davamlı açıqlamalar gəlir ki, "biz bu prosesdə yardımçı ola bilərik". Rusiya faktiki olaraq öz moderatorluğunu təklif edir və prosesi öz çətiri altına almağa çalışır. O səbəbdən bu istiqamətdə təxribatların olacağını mümkün sayıram. Xatırladım ki, ötən ilin aprel ayında 12.7 km.lik məsafənin demarkasiyası başa çatanda Ermənistandakı müxalifət Paşinyana qarşı aylarla davam edən etiraz aksiyaları keçirtdilər. İndi də buna hazırlıq gedir. Hətta bir erməni deputat deyir ki, payıza qədər Paşinyanı yıxa bilməsələr, seçkilərin keçirilməsi gündəmə gələcək. Müxalifət hər situasiyadan maksimum yararlanmağa çalışacaq. Hesab edirəm ki, bütün bunlar nəzərə alınacaq".