30 ildə qazancımız çox oldu
Azərbaycan Rusiya münasibətləri dinamik inkişaf edib
Bu münasibətlərin xarakteri Cənubi Qafqazda təhlükəsizliyə birbaşa töhfəsini verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putin Azərbaycan-Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birinə təbrik məktubu göndəriblər. Dövlət başçısı İlham Əliyev rusiyalı həmkarına göndərdiyi məktubda vurğulayıb ki, çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib.
Ölkə rəhbəri vurğulayıb ki, fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələr böyük məmnunluq doğurur: “Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur.
Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb.
Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub. Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət təsir göstərir”. Məktubda qeyd olunub ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi əlaqələrə verilən əhəmiyyəti əyani şəkildə təsdiq edir: “Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik”. Rusiya Prezidenti V.Putin də təbrik məktubunda qeyd edib ki, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər ərzində bir çox işlərin reallaşmasına nail olunub: “Ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə işləyirik. Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl maraqlarına uyğun gəlir”.
Azərbaycan-Rusiya əlaqələri barədə “Şərq”ə danışan millət vəkili, parlamentin Azərbaycan-Rusiya dostluq qrupunun üzvü Elşad Mirbəşiroğlu deyib ki, iki ölkənin münasibətləri 30 il ərzində dinamik şəkildə inkişaf edib. Deputatın sözlərinə görə, xüsusilə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Moskva-Bakı münasibətlərində yeni mərhələ başlayıb:
“Qısa zaman kəsiyində ikili münasibətlər strateji tərəfdaşlıq xarakteri alıb və bu il fevral ayının 22-də iki dövlət arasında müttəfiqlik haqqında saziş imzalanıb. Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Bu, çox vacib amildir. Ən müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf etməkdədir. Bundan başqa Azərbaycan və Rusiyanın birbaşa təşkilatçılığı və iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi reallaşdırılıb. Bu da iqtisadi əlaqələr və regional təhlükəsizlik baxımından olduqca vacibdir. Rusiya-Azərbaycan münasibətlərinin xarakteri Cənubi Qafqazda təhlükəsizliyə birbaşa təsir edir. Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə konstruktiv münasibətlər qurur. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, strateji baxışları sayəsində məhz belə bir mənzərə mövcuddur. Qonşu ölkələr də aydın nümayiş etdirirlər ki, onlar Cənubi Qafqazda Azərbaycanın aparıcı rolunu qəbul edirlər. Azərbaycan bütün mənalarda regionun lokomotiv ölkəsidir. O səbəbdən Rusiya da ölkəmizlə əməkdaşlığa hər zaman üstünlük verir”.
Milli Məclisin üzvü vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında ilk dəfə olaraq məhz Rusiya rəhbəri V.Putin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama verib:
“Putin İrəvanın KTMT-nin proseslərə qoşulması ilə bağlı çağırışlarına cavab olaraq bildirdi ki, döyüş əməliyyatları Ermənistan ərazisində getmir. Ona görə də qurum hərbi əməliyyatlara müdaxilə edə bilməz.
10 noyabr birgə bəyanatının imzalanması və şərtlərə əməl olunmasının vacibliyi də rəsmi Bakı ilə yanaşı, Moskva tərəfindən də vurğulanıb. Bundan sonrakı mərhələdə də Azərbaycan-Rusiya arasındakı siyasi-iqtisadi münasibətlər davamlı olaraq inkişaf etdirilməlidir.
Qonşu ölkələrlə normal əməkdaşlıq zəruridir. Azərbaycanın atdığı addımlar milli maraqlarımıza tam cavab verir və ölkəmizin mövqelərini daha da möhkəmləndirir”.