Ermənistanın təxribatları artır: Laçın və Naxçıvan istiqamətində gərginlik yüksəlir

Zəngəzur dəhlizi və Ermənistanda seçkilər bəlli qüvvələri hərəkətə gətirib

Ermənistanın təxribatlarının miqyası genişlənməkdədir. "Caliber.az"ın yaydığı videogörüntüyə görə, Azərbaycanın Laçın rayonu istiqamətində Ermənistan ordusunun hərbçisi müşahidə məntəqəsini tərk edərək möhkəmləndirilmiş səngərin qarşısındakı təpəyə qalxıb. Erməni əsgəri Azərbaycan Ordusunun mövqelərinə daş atmağa başlayıb. Üstəlik, bu, son vaxtlar baş verən ilk belə hadisə deyil. Xatırladaq ki, mayın 9-da oxşar hadisə Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən döyüş mövqelərindən birində yaşanmışdı. Həmin vaxt erməni hərbçisi səngərin üzərində dayanaraq qeyri-etik ifadələr səsləndirmiş, hədələmiş və Azərbaycan hərbçilərini cavab verməyə təhrik etməyə çalışmışdı. Lakin Ermənistan tərəfinin niyyəti növbəti dəfə iflasa uğramışdı. Azərbaycan hərbçiləri soyuqqanlılıq və peşəkarlıq nümayiş etdirərək ucuz təxribatlara uymayıblar. Ümumiyyətlə, son günlərdə erməni silahlılarının şərti sərhəd boyu atəşkəs pozuntuları da intensivləşib. Ermənistan tərəfi ötən gün Çəmbərəkənd istiqamətində yerləşən Azərbaycan mövqelərini iriçaplı silahlarla atəşə məruz qoyublar. 

Millət vəkili Elçin Mirzəbəyli deyib ki, Ermənistanın hərbi təxribatlarının Tovuz və Naxçıvan istiqamətində həyata keçirilməsinin bir neçə səbəbi var. Deputatın qənaətinə görə, bu, daha çox delimitasiya prosesi ilə bağlıdır:
 "Bəlli olduğu kimi komissiyalar müəyyən razılığa gəliblər. Əsas şərt və faktorlar isə Azərbaycanın anklavda olan ərazilərinin azad edilməsi və Azərbaycana təhvil verilməsi ilə bağlıdır. Anklavlarımızın azad edilməsi prioritet məqamlardandır. Prosesin içərisində kommunikasiya xətləri ilə bağlı məqamlar da yer alır. O cümlədən Zəngəzur dəhlizi faktoru da var. Regionda və dünyada Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olmayan qüvvələr mövcuddur. Ermənistanın silahlandırılması prosesi içərisində yer alan dövlətlərin arasında da məhz Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafında maraqlı olmayan ölkələrin sayı hər kəsə bəllidir". 

Politoloq Zaur Məmmədov da deyib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində maraqlı olmayan qüvvələr iki ölkə arasında münasibətlərin normallaşması yönündə cəhdlərə qısqanclıqla yanaşırlar:
 "Regiona öz təsirlərini, rıçaq imkanlarını saxlamaq üçün Ermənistan vasitəsilə bu və yaxud digər şəkildə hərəkətə keçə bilərlər. "Qarabağ klanı"nın aktivləşməsi, R.Köçəryanın fəallaşması da bununla bağlıdır. Köçəryan çox yaxşı bilirdi ki, ötən 3 il ərzində o, öz istəklərinə nail ola bilməzdi. Onun sosial resursları və xarici dəstəyinin olmaması buna imkan vermirdi. Amma indi Köçəryan ən azından gələn il keçiriləcək parlament seçkilərindək düşünür ki, onun bu cür imkanları yaranacaq. Ona görə də fürsətdən istifadə etmək istəyir".